İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranda aşkar korrupsiya - maaş kartını müdirə vermədi, işdən qovuldu!

797 06.12.2025 15:18 Kriminal A A

Şabran rayonunda gigiyena və epidemiologiya sahəsində çalışan bir qadının başına gətirilənlər şəxsi maraqlar naminə insan taleyinin amansız şəkildə tapdanması nümunəsidir. 13 il Gigiyena və Epidemiologiya Mərkəzinin Şabran rayon şöbəsinin dezinfeksiya-sanitar xidmətində çalışan Vüsalə Nadir qızı Balayeva evində xəstə yatarkən tam qanunsuz olaraq işdən azad edilib. Halbuki, Vüsalə Balayeva xəstəliyi ilə bağlı həkimdə olub, müvafiq rəsmiləşdirilmə aparılıb, ona bülleten açılıb.

Musavat.com xəbər verir ki, Vüsalə Balayeva bülletendə ola-ola işdən çıxarılmazdan əvvəl şöbənin müdiri Asif Nəsibov ondan maaş kartını tələb edib, o, qanunsuz tələbi yerinə yetirməkdən imtina etdikdən sonra təzyiqlərlə üzləşib.

“Xəstəyəm, izahat yazdım, icazə verdi… Sonra bülleteni sistemdən sildi”

Vüsalə Balayeva bildirir ki, səhhətində ciddi problemlər yarandığı üçün həkimə müraciət edib, həkim də ona rəsmi xəstəlik vərəqi (bülleten - red.) açıb. O da mərkəzə yazılı şəkildə izahat təqdim edib:

“Xəstə olduğumu yazdım, bülletenə çıxacağımı bildirdim. Müdir Asif müəllim izahatı qəbul etdi. Amma mən bülletenlə evdə olduğum gün məni işdən çıxarıb. Həkimə də irad bildirib ki, niyə mənə bülleten açıb. Daha sonra rəhbərlik sistemdən bülleten məlumatlarımı silib!”

Vüsalə Balayeva deyir ki, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediblər:

“Bütün bunlar maaş kartımı vermədiyim üçün edildi. Mən öz işimi vicdanla yerinə yetirmişəm, məni qəsdən bu maddə ilə işdən çıxarıb ki, başqa işə düzələ bilməyim. Mən subay qadınam, yaşım da az deyil. Atam rəhmətə gedib, beldən iflic anam var. Evdə anama tək baxan mənəm. 13 il işlədiyim stansiyadan sırf qanunsuz tələbi yerinə yetirmədiyimə görə işdən çıxarıblar”.

“Kimə istəyirsən, şikayət et - xeyri yoxdur”

Vüsalə Balayeva bildirir ki, şöbə müdiri Asif Nəsibov şikayətlərlə bağlı ona açıq şəkildə meydan oxuyub:

“Deyir ki, kimə istəyirsən şikayət et, xeyri yoxdur, mənə heç kim bata bilməz”.

Vüsalə Balayeva deyir ki, şöbədə işlədiyi illər ərzində sağlamlığı pisləşib və ona bronxial astma diaqnozu qoyulub. Ağır kimyəvi maddələrlə təmasda işləyən dezinfeksiya işçisi üçün bu, ciddi riskdir. Buna baxmayaraq o, işini davam etdirib ki, özü də, himayəsində olan anası da son ümid yeri olan işindən məhrum olmasın.

Əlindəki sübutlarla məhkəməyə müraciət edib

Zərərçəkən xanım artıq bütün lazımi dövlət qurumlarına müraciət etdiyini deyir. İş məhkəmədədir. Onun sözlərinə görə, əlində xəstəlik vərəqi, diaqnoz sənədləri, işdən azad olunma əmri, izahat və digər bütün sübutlar var. Lakin o, özünü tək və müdafiəsiz hiss edir:

“Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. Xahiş etmişəm ki, mənə qarşı törədilən cinayətə bərabər qanunsuzluğa son qoyulması üçün mənə dəstək olsun. Çox hörmətli Mehriban xanımdan kömək istəyirəm. Məni qanunsuz işdən azad edib həyatımı alt-üst edən Asif Nəsibov barəsində tədbir görülsün”.

Aşkar korrupsiya…

Hüquqşünasların fikrincə, işçinin xəstəlik vərəqində olduğu müddətdə işdən çıxarılması Azərbaycan qanunvericiliyinə ziddir və korrupsiya əlamətləri olan əməllər kateqoriyasına aiddir. Dövlət idarəsində işçidən maaş kartının tələb olunması, bülletenin sistemdən silinməsi və işçinin həkiminə təzyiq göstərilməsi isə ayrıca araşdırılmalı iddialardır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR