Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsində yaşayan sakinlərin ərazidə fəaliyyət göstərən iaşə obyektlərindən yayılan tüstü ilə bağlı şikayətinə rəsmi münasibət bildirilib.
Musavat.com-un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama verib.
Qurumdan bildirilib ki, 2025-ci il ərzində sözügedən məsələ ilə bağlı Nazirliyə hər hansı müraciət daxil olmayıb.
Bununla yanaşı qeyd olunub ki, idarə əməkdaşları və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə 2025-ci il və 2026-cı ilin yanvar ayında keçirilmiş monitorinqlər zamanı bəzi şadlıq sarayları və ictimai iaşə obyektlərində qanun pozuntuları aşkarlanıb. Həmin obyekt sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb, nöqsanların aradan qaldırılması üçün məcburi müddətli “Ekoloji tələblər” təqdim edilib.
Nazirlik həmçinin bildirib ki, şadlıq saraylarında və ictimai iaşə obyektlərində quraşdırılmış təmizləyici qurğulara mütəmadi texniki qulluq göstərilməsi ilə bağlı sahibkarlara xəbərdarlıqlar olunub.
Xalidə Gəray,
Musavat.com






