İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyanın Putinə gizli məktubunun kodları: 2016-cı il sənədinin pərdəarxası geosiyasi mənzərəsi

1302 02.12.2025 16:41 Siyasət A A

Ermənistan hökumətinin “Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi sənədləri”ni açıqlaması regionda yeni faktları üzə çıxarıb.

Musavat.com xəbər verir ki, yayımlanan materiallar arasında 2011-ci ildə Kazanda müzakirə olunan təkliflər, 2019-cu ilin vasitəçi paketləri ilə yanaşı, 2016-cı ilin avqustunda Serj Sarkisyanın Vladimir Putinə ünvanladığı məşhur məktub da yer alır.

Bu məktub yalnız diplomatik mətndən ibarət deyil. O, Ermənistan rəhbərliyinin həmin dövrdəki real siyasi mövqeyini, panikasını, Rusiyaya ünvanlanmış narahatlıq və gözləntilərini açıq şəkildə nümayiş etdirir. Məktub həmçinin göstərir ki, Azərbaycan o illərdə artıq Qarabağ məsələsində strateji təşəbbüsü ələ keçirirdi və İrəvan bunu gizlədə bilmirdi.

2016-cı ilin məktubu Ermənistanın Qarabağ məsələsində bütün ümidlərini Rusiyanın siyasi çəkisinə bağladığını təsdiqləyir. Sarkisyan məktubun giriş hissəsində Moskvanın “Qarabağ müharibəsinin silahlı fazasını dayandıran əsas qüvvə” olduğunu qeyd edir və Rusiya olmadan bölgədə balansı saxlamağın mümkün olmadığını etiraf edir. Bu, Ermənistanın öz təhlükəsizliyini tam şəkildə Rusiyanın geosiyasi orbitinə bağladığını, prosesə müstəqil oyunçu kimi daxil ola bilmədiyini göstərir.

Məktubun ən diqqətçəkən hissələrindən biri Serj Sarkisyanın Madrid prinsipləri və Kazan sənədi ilə bağlı dedikləridir. Ermənistan rəhbəri açıq şəkildə bildirir ki, Kazan sənədi Ermənistan üçün tam uyğun olmasa da, müəyyən şərtlərlə qəbul edilə bilərdi. Lakin Azərbaycanın sənədə əlavələr etməsi və son anda razılaşmanı imzalamaması İrəvanda ciddi narahatlıq yaratmışdı. Sarkisyan sanki danışıqların qarşısını açan tərəf kimi özünü göstərməyə çalışır, məsuliyyəti tam şəkildə Azərbaycanın üzərinə atırdı. Halbuki sonradan məlum oldu ki, Ermənistan özü də həmin sənədlərin reallaşmasından çəkinirdi.

Serj Sarkisyan məhkəmə qarşısına çıxarılır | Modern.az

Məktubun nüvəsində əslində Ermənistanın ən böyük qorxusu dayanır: Azərbaycanın “əvvəl ərazilər, sonra status” formulu. Sarkisyan bunu məktubun müxtəlif hissələrində “təhlükəli”, “riskli”, “balansı pozan” adlandırır və həmçinin etiraf edir ki, bu yanaşma Ermənistanın manevr imkanlarını sıfıra endirir. Əgər ərazilər qaytarılsa, Ermənistanın danışıqlarda təsir gücü itəcək, status məsələsini sonsuzadək uzatma strategiyası çökəcəkdi.

Bu məktub Ermənistanın həmin dövrdə Qarabağ ətrafında qurduğu taktikanın tam şəkildə dağılmaq üzrə olduğunu göstərən sənəd kimi qiymətləndirilə bilər.

Sarkisyan məktubda Azərbaycan ordusunun güclənməsindən və Bakının “5 rayonun qaytarılması” istiqamətində tələblərindən ciddi narahat olduğunu gizlətmir. O, açıq şəkildə yazır ki, əgər Azərbaycan 5 rayonu geri alsa, bundan sonra daha sərt şərtlər irəli sürəcək, Ermənistan üzərində hərbi-siyasi üstünlük daha da möhkəmlənəcək. Bu isə İrəvanın həmin dövrdə strateji üstünlüyü itirdiyini qəbul etməsi deməkdir.

Bakı haqlıdır! - Kabanyan - "İki sahil"

Ermənistan rəhbərliyinin bu etirafı sonradan 2020-ci ildə baş verənlərin – yəni Azərbaycanın qətiyyətli hərbi üstünlüyünün – siyasi zəmininin hələ 2016-cı ildə formalaşdığını nümayiş etdirir.

Sarkisyan məktubda eyni zamanda Rusiyaya açıq müraciət edir: Ermənistanın təhlükəsizliyini zəmanət altına alın, balansı Azərbaycanın xeyrinə dəyişməyə icazə verməyin. Bu, faktiki olaraq Kremlin regionda Ermənistanın qoruyucu çətiri rolunu oynaması tələbi idi. Sarkisyan Moskvanın prosesdən kənar qalacağı təqdirdə Ermənistanın həm diplomatik, həm hərbi zəifləyəcəyindən ehtiyatlandığını gizlətmir.

Məktubun başqa mühüm hissəsi Ermənistanın separatçı rejimi danışıqlara qaytarmaq planı ilə bağlıdır. Sarkisyan israr edir ki, Dağlıq Qarabağ ayrıca tərəf kimi masa arxasına gətirilməli, referendum SSRİ dövrünün demoqrafik göstəricilərinə uyğun keçirilməlidir. Bu isə Ermənistanın illərdir həyata keçirdiyi köhnə strategiyanın təsdiqi idi: separatçılığı legitimləşdirmək və Azərbaycanı iki tərəfli yox, üçlü danışığa məcbur etmək.

Putinin güvənsizliyi dissidentlərə qarşı hücumlara səbəb olur

Sarkisyanın “qırmızı xətt” kimi təqdim etdiyi digər məqamlar Kəlbəcər və Laçın rayonlarıdır. Məktubda bu rayonların “yekun status müəyyən olunana qədər Qarabağın nəzarətində qalmalı olduğu” vurğulanır. Bu yanaşma Ermənistanın Qarabağ ətrafı rayonları kompromis predmeti hesab etmədiyini göstərirdi. Lakin 2020-ci il reallığı Ermənistan siyasi rəhbərliyinin bu hesablamasının tamamilə yanlış olduğunu sübut etdi: həmin iki rayon danışıqsız, qısa müddətdə Azərbaycanın suverenliyinə qaytarıldı.

Kəlbəcər və Laçın yenidən Azərbaycanın turizm simasına çevriləcək 

Məktubun ən maraqlı və iddialı bölmələrindən biri Ermənistanın Rusiyaya ünvanladığı dolayı mesajdır: əgər Azərbaycan üzərinə təzyiq siyasəti nəticə verməzsə, həmsədrlər Dağlıq Qarabağın “müstəqilliyinin tanınması prosesinə başlamalıdırlar”.

Bu, Ermənistanın diplomatik çarəsizliyinin ifadəsi idi. İrəvan faktiki olaraq Moskvanı hədələməyə cəhd edir: “Azərbaycanı sıxın, əks halda separatçı rejimi tanıyın.” Bu tələb reallıqdan uzaq idi və Ermənistanın münaqişənin status məsələsində nə qədər qeyri-real hesablamalar apardığını göstərirdi.

Nəticə olaraq, bu məktub Ermənistan diplomatiyasının 2016-cı ildə tam şəkildə dalana dirəndiyini açıq göstərən sənəddir. Serj Sarkisyanın Putinə ünvanladığı bu pərdəarxası müraciət bir daha təsdiqləyir ki, Ermənistan Qarabağ məsələsində nə müstəqil qərar verə bilir, nə də reallığı qəbul edirdi. Azərbaycanın yüksələn hərbi-siyasi gücü, Bakının strateji təşəbbüsü və danışıqlardakı qətiyyətli mövqeyi Ermənistanı daha çox Rusiyaya bağlamağa, təhlükəsizlik zəmanəti üçün yalvarmağa məcbur edirdi.

44 günlük Vətən Müharibəsinin zəfəri Rusiyadan necə görünür? — www.veteran.az

2020-ci ildə yaşananlar isə bu məktubda yazılan panikanın və etirafların gerçək səbəbini bir daha təsdiqlədi: Ermənistan Qarabağ məsələsində üstünlüyü çoxdan itirmişdi və bu, İrəvanın öz məktublarında belə gizlənə bilmirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR