Yeni ilin ən əsas və ayrılmaz atributlarından biri Şaxta baba obrazıdır. Demək olar ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəs bu obrazı tanıyır. Yeni ilin gəlişini ən çox səbirsizliklə gözləyənlər isə, şübhəsiz ki, uşaqlardır.
İllər boyu Şaxta baba bütün dünyada uşaqlara hədiyyə paylayan xeyirxah, mərhəmətli və sirli bir qoca kimi qəbul olunub. Lakin müxtəlif xalqların dillərində fərqli adlarla tanınan bu obrazın əslində nə vaxt və necə yarandığı, indiki “missiyasına” nə zaman başladığı çoxları üçün hələ də qaranlıq qalır.
Şaxta baba adətən qırmızı kürk geyinmiş halda təsvir olunur. Başında qar papaq, çiynində hədiyyələrlə dolu xurcun, əlində isə sehrli əsa olur. Uzun, ağ saqqalı, qırmızı burnu və mehriban siması ilə uşaqların yaddaşında silinməz iz buraxır. Bu obrazın zahiri görünüşü belə əsrlər boyu formalaşıb və zamanla müxtəlif mədəni təsirlərə məruz qalıb.
Məlumdur ki, Şaxta baba dünyanın müxtəlif ölkələrində fərqli adlarla tanınır və hər xalq onu öz mədəniyyətinə uyğunlaşdırıb.
Azərbaycanda Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Bolqarıstanda Dyadyo Koleda, Albaniyada Babadimpi, Böyük Britaniyada Fazer Kristmas, Yunanıstanda Aqios Vasilis, Danimarkada Yulemanden, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Makedoniyada Dedo Mraz, Hollandiyada Kerstman, Norveçdə Yulebukk, Polşada Svetiy Mikolay, Portuqaliyada Pay Natal, Rumıniyada Moş Krakiun, Slovakiyada Yejişek, Sloveniyada Dedek Mraz, Türkiyədə Noel Baba, Finlandiyada Youlupukki, Fransada Per Noel, Çexiya və Macarıstanda Mikulaş, Serbiya, Çernoqoriya, Bosniya və Hersoqovinada Dada Mraz, İsveçdə Yultomten, İndoneziyada Sinterklas, İranda Baba Noel, ABŞ və Kanadada Santa Klaus, Braziliyada Papay Noel, Çilidə Viejito Paskuero, Afrika ölkələrinin bir qismində Papa Noyol, İraqda Goosaleh, Əfqanıstanda Baba Çakalo, Estoniyada Jouluvana, Litvada Kaledu Snelis, Özbəkistanda isə Ayoz Bobo adları ilə tanınır. Bu adlar içərisində dünyada ən çox yayılan və populyarlıq qazananı isə, şübhəsiz ki, Santa Klausdur.
Şaxta babanın tarixi ilə bağlı müxtəlif nəzəriyyələr və yanaşmalar mövcuddur. Bu obrazın yaranması ilə bağlı qədim dövrlərdən günümüzə qədər gəlib çatan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişərək müxtəlif formalara düşüb. Ən geniş yayılmış rəvayətlərdən biri Müqəddəs Nikolayla bağlıdır. Əfsanəyə görə, Türkiyənin Muğla vilayətinin Patara şəhərində yerləşən və bu gün “Santa Klaus kilsəsi” kimi tanınan məkanda Nikolas adlı bir keşiş yaşayıb. O, III əsrin sonlarında Patara şəhərində varlı bir tacir ailəsində dünyaya gəlib. Gənclik illərindən xeyirxahlığı və səxavəti ilə seçilən Nikolas orta yaşlarında Patara şəhərinin baş keşişi seçilir.
Rəvayətə görə, həmin şəhərdə son dərəcə kasıb bir kişinin üç qızı varmış və onların cehiz üçün heç bir imkanı yox imiş. Bu vəziyyətdən xəbər tutan keşiş Nikolas bir gecə gizlicə onların evinə gələrək pəncərədən, bəzən isə bacadan içəri pul kisəsi atır. Beləliklə, qızların cehiz pulu düzəlir və onlar xoşbəxt bir həyat qururlar. Məhz bu hadisədən sonra xristian dünyasında maddi çətinlik yaşayanlara Müqəddəs Nikolayın kömək edəcəyinə inam formalaşır.
Keşiş Nikolas 343-cü ildə 65 yaşında vəfat edir. Onun ölümündən sonra qəbri milyonlarla insan üçün ümid yerinə çevrilir. Lakin 1087-ci ildə türklər Muğla vilayətini fəth etdikdən sonra xristian tacirlər bir gecə gizlicə Nikolasın qəbrini açaraq sümüklərini oğurlayıb İtaliyanın Bari şəhərinə aparır və orada dəfn edirlər. Yeni il bayramının bir çox adət-ənənələri Milad bayramı ilə sıx bağlı olduğu üçün Şaxta baba, Santa Klaus obrazının kökləri də əsasən xristian dünyasında axtarılır.
Şaxta babanın Yeni il öncəsi dünyanı dolaşaraq uşaqlara hədiyyə paylaması ənənəsinin ilk dəfə Almaniyada formalaşdığı bildirilir. Bu inanc əsasən protestant məzhəbinə mənsub Avropa xristianları arasında sürətlə yayılıb.
Daha sonra niderlandlı mühacirlər bu ənənəni Amerikaya aparıblar və nəticədə Santa Klaus obrazı ABŞ-da xüsusi populyarlıq qazanıb. Yeni il öncəsi şam ağacı, yolka bəzəmək adəti də ilk dəfə Almaniyada ortaya çıxıb.
Maraqlıdır ki, bu ənənənin əslində xristianlıqla birbaşa əlaqəsi yoxdur. Hələ xristianlıqdan əvvəl bütpərəst romalılar qış fəslində həmişəyaşıl dəfnə ağacını, german tayfaları isə küknar və şam ağaclarını evlərinə gətirirmişlər. Onlar bu ağacların budaqlarından suxarı, şirin çörəklər asaraq evlərinə bolluq və bərəkət gələcəyinə inanırdılar.
Əfsanəyə görə, bu adətlə insanlar qışın sərtliyinə baxmayaraq, baharın və həyatın davam etdiyini simvolizə etmək istəyiblər. Şam ağacını bəzəmək ənənəsi Almaniyadan bütün Avropaya, oradan isə dünyanın müxtəlif bölgələrinə yayılıb. XX əsrin əvvəllərində ingilis missionerlər bu adəti Uzaq Şərqdə - Çin və Yaponiyada da tanıdıblar.
Skandinaviya xalqları isə fəxrlə bildirirlər ki, Şaxta baba Yeni il səyahətinə məhz onların torpağından başlayır. Onların iddiasına görə, Şaxta baba Laplandiyada, yəni Finlandiyada yaşayır və ildə bir dəfə dünya səyahətinə çıxaraq insanlara, xüsusən də uşaqlara hədiyyə paylayır.
Şaxta babanın nəvəsi hesab olunan Qar qız obrazı isə Rusiyada yaranıb və kökləri qədim rus folkloruna gedib çıxır. Qar qız qış və yayın əvəzlənməsinin, təbiətin dövri yenilənməsinin rəmzi sayılır. Rusların İvan Kupala bayramında ocaq üzərindən tullanaraq “əriyən” Qar qız məhz bu dəyişimin simvoludur.
Müasir dövrdə isə dünya üzrə uşaqların ən sevdiyi bayram simvollarından olan Şaxta Baba və Santa Klausun varlığına inam getdikcə zəifləyir. Bunun səbəbləri çoxşaxəlidir və texnologiyanın, təhsilin, sosial mühitin təsiri ilə sıx bağlıdır. Uşaqlar məktəbdə və internet vasitəsilə dünyanı daha rasional şəkildə dərk edir, hədiyyələrin əslində valideynlər tərəfindən alındığını müşahidə edirlər.
Sosial təsir - dostların, məktəb yoldaşlarının və ətraf mühitin “Şaxta baba yoxdur” kimi fikirləri də bu inancların dəyişməsində mühüm rol oynayır.
Valideynlərin yanaşması da burada xüsusi əhəmiyyət kəsb edir. Müasir valideynlərin bir qismi Şaxta baba obrazını sadəcə əyləncə və ənənə məqsədilə saxlayır, bir qismi isə uşaqlara həqiqəti daha erkən yaşlarda izah etməyə üstünlük verir.
Bununla belə, Şaxta baba obrazı hələ də Yeni ilin ən sehrli və ən sevilən simvollarından biri olaraq qalmaqda davam edir.
Xalidə Gəray
Musavat.com






