İran kəşfiyyatına birbaşa bağlılığı ilə hər kəsə bəlli olan “Səhər Azəri” telekanalının səhərləri artıq uzun müddətdir ki, bir vərdiş üzrə açılır: “Yeni Müsavat” Media Qrupuna bax, qulaq as, sonra da əsəbi reaksiya ver.
Görünür, “Səhər Azəri”də günəş “Yeni Müsavat”sız çıxmır, efirlərimizsiz batmır. TV Musavat-da nə danışılırsa, dərhal “Səhər Azəri”nin “radarına” düşür, ardınca da “ideoloji təşviş” rejimi işə salınır.
Bu dəfə də istisna olmadı. TV Musavat-ın efirində Milli Azadlıq Hərəkatının simalarından biri olan Nemət Pənahlının Təbriz və Güney Azərbaycanla bağlı səsləndirdiyi fikirlər “Səhər Azəri”nin əsəblərini ciddi şəkildə tarıma çəkib. Nemət Pənahlı efirdə göz yaşları içində, səmimi və açıq şəkildə demişdi:
“Nə vaxtsa məni bir gün Təbrizdə görsəniz, təəccüblənməyin. Ya öləcəyəm, ya da mübarizə aparacağam. Oturub vətənimin faciəsinə tamaşa etməyəcəyəm”.
Bu sözlər insanı silkələyən, vicdanı oyadan çağırış idi. Amma İran rejimi təbliğat maşını üçün bu cür çağırışlar həmişə təhlükəlidir.
Ona görə də “Səhər Azəri” dərhal istehza silahına əl atdı və efirdən belə bir “dərin fikir” səsləndirdi:
“Təbrizin Nemət Pənahlılara ehtiyacı yoxdur”.
Guya bununla nəyi sübut etdilər? Təbrizin kimlərə ehtiyacı olub-olmadığını Təbriz özü min illərdir deyir. Sadəcə problem ondadır ki, “Səhər Azəri” bu səsi eşitmək istəmir. Çünki eşitsə, farsca qurulmuş ideoloji divarlar uçub-dağılacaq. “Guya” deyirik, çünki bu kanalın Azərbaycan dilinə münasibəti artıq hamıya bəllidir. Bəli, onlar da Azərbaycan dilində danışırlar. Amma necə? Harada? Nə zaman? Yalnız efirdə. Yalnız tapşırıq olanda. Yalnız təbliğat üçün.
Biz “Yeni Müsavat” Media Qrupu olaraq öz ana dilimizdə, öz dövlət dilimizdə, azad şəkildə danışırıq, yazırıq, düşünürük. “Səhər Azəri”nin əməkdaşları isə yalnız kamera qarşısında Azərbaycan dilində danışa bilirlər. O da elə-belə yox, “senzuradan keçmiş”, “fars ruhuna uyğunlaşdırılmış” bir dildə. Bu insanların ana dilində məktəbləri yoxdur. Ana dilində kitabları yoxdur. Ana dilində təhsil almaq hüquqları yoxdur. Amma efirdə Azərbaycan dilində danışıb bizə “dərs” keçməyə çalışırlar. Əgər bu dil onlara doğrudan da lazımdırsa, niyə Təbrizdə, Ərdəbildə, Urmiyada ana dilində məktəblər açılmır? Niyə bir uşaq Azərbaycan dilində oxumaq istəyəndə “təhlükə elementi” elan olunur?
Cavab sadədir: Azərbaycan dili onlar üçün sevgi yox, alətdir. Təbliğat aləti. Ehtiyac bitən kimi kənara qoyulan alət.
Üstəlik, hər fürsətdə “Yeni Müsavat” Media Qrupunu hədəfə alan müxbir xanımın efirdən kənarda Azərbaycan dilində danışmadığı açıq-aydın hiss olunur. Danışığında fars ləhcəsi o qədər güclüdür ki, insan istər-istəməz düşünür: bu dil onun dili deyil, sadəcə rollaşdırılmış bir mətnin səsləndirilməsidir.
Bu təxribatçı reaksiyaya Nemət Pənahlının cavabı gecikmədi. Yenə TV Musavat-ın efirindən və yenə açıq, cəsarətli şəkildə dedi:
“İlk növbədə mənim mesajımı Güney Azərbaycana çatdırdıqları üçün təşəkkür edirəm. Əgər farsdan çox farsa, rusdan çox rusa xidmət edən öz satqınlarımız olmasaydı, nə fars rejimi əsrlərlə bizə ağalıq edə bilərdi, nə də rus imperiyası. Bunlar bizim sapı özümüzdən olan baltalarımızdır, manqurtlardır.
Amma bu o demək deyil ki, bu cür manqurtlar bizə ox atırsa, söz atırsa, onlardan imtina edəcəyik. Bu bizim yaralı yerimizdir. Onlar bizim “şikəst övladlarımızdır”. Biz onları da xilas edəcəyik, yaddaşlarını oyadacağıq”.
Əlbəttə ki, problem Nemət Pənahlı deyil. Problem “Yeni Müsavat” deyil. Problem Təbriz də deyil. Problem odur ki, “Səhər Azəri” öz səhərini hər gün başqasının aynasında axtarır. Öz həqiqəti olmadığı üçün başqasının sözünə reaksiya verməklə yaşayır. Təbrizin kimə ehtiyacı olub-olmadığını isə nə Tehran, nə də onun təbliğat kanalları müəyyən edə bilər. Təbrizin ehtiyacı öz dilinə, öz kimliyinə, öz yaddaşınadır. Və bu yaddaş bir gün mütləq oyanacaq - istər “Səhər Azəri” istəsin, istər istəməsin.
Xalidə Gəray
Musavat.com






