Fransalı tədqiqatçılar qeyri-adi elmi təcrübə üçün könüllülər axtarır.
Musavat.com xəbər verir ki, alimlər çəkisizlik şəraitinin insan sağlamlığına təsirini öyrənmək məqsədilə iştirakçılara 5 min avro ödəməyi planlaşdırır.
Təcrübəyə 20–40 yaş arası, sağlam həyat tərzi sürən 10 kişi dəvət olunur. İştirakçılar 20 günün 10-unu çarpayıda başı aşağı – mənfi 6 dərəcə bucaq altında uzanmış vəziyyətdə keçirəcəklər. Bu mövqe bədəndə mayelərin yuxarı hissəyə yığılmasına səbəb olur və kosmosdakı çəkisizlik vəziyyətini imitasiya edir.
Sınaq zamanı könüllülərə yaxınları ilə telefonla danışmağa icazə veriləcək. Lakin onların qidalanması ciddi məhdudlaşdırılacaq — gündə maksimum 250 kalori qəbul edə biləcəklər. Rasion əsasən bulyon, meyvə şirəsi və baldan ibarət olacaq.
Tədqiqatın əsas məqsədi uzunmüddətli hərəkətsizlik və az kalorili qidalanmanın insan orqanizminə təsirini müəyyən etməkdir. Nəticələrin gələcək kosmik missiyalar və tibbi reabilitasiya proqramları üçün faydalı olacağı gözlənilir.
Musavat.com






