İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial mediaya nəzarət gücləndirilir

796 26.11.2025 09:43 Gündəm A A

İnternetdə fahişəliyə çağırış və cəmiyyətə hörmətsizliyi açıq şəkildə ifadə edən hərəkətlərə görə cəzalar müəyyən edilir -15 sutkayadək həbs... 

Azərbaycanda internetdə fahişəliyə çağırış və cəmiyyətə hörmətsizliyi açıq şəkildə ifadə edən hərəkətlərə görə cəzalar müəyyən edilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər təqdim edilib.

Layihəyə əsasən, internet resursları və ya digər telekommunikasiya şəbəkələri vasitəsilə açıq şəkildə fahişəliyə çağırış və ya bu cür əməliyyatların bağlanması 500 manat məbləğində cərimə ilə cəzalandırılır.

Layihədə o da qeyd olunur ki, cəmiyyətə hörmətsizliyi açıq şəkildə ifadə edən, lakin ayrı-ayrı şəxslərə qarşı zorakılıq və ya bu cür zorakılıq hədəsi ilə müşayiət olunmayan, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə bağlı olmayan hərəkətlər xırda xuliqanlıq hesab edilərək, inzibati həbs və cərimə ilə nəticələnəcək.

Xırda xuliqanlıq 50 manatdan 100 manatadək cərimə ilə cəzalandırılacaq. İşin hallarından asılı olaraq və təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi qeyri-kafi hesab edildikdə, on beş sutkayadək müddətə inzibati həbs tətbiq edilə bilər.

Bəs cərimə və inzibati həbs kimi tədbirlər bu cür məsələlələrə nə qədər güclü təsir göstərə bilər? Alternativ qabaqlayıcı tədbirlər, məsələn, maarifləndirmə, sosial layihələr və s. daha effektiv ola bilərmi?

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır" | Modern.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb: “Sevgi və qorxu, cəza və mükafatlandırma - həm insanın, həm də cəmiyyətin idarə edilməsində əsrlər boyu mövcud olan iki fundamental metod olub. Quranda da görürük ki, insan tərbiyəsində bu iki prinsip - qorxu (cəza) və mükafatlandırma açıq şəkildə göstərilir. Biz dəfələrlə bu barədə danışmışıq və bu gün də həmin prinsipin aktuallığını müşahidə edirik.

Etiraf etməliyik ki, hazırda həm sosial şəbəkələrdə, həm də bir sıra media platformalarında insanların davranışlarına yön verən, onları eqosentrik həyata səsləyən, eyni zamanda əxlaqsızlığı və fahişəliyi normallaşdıran çağırışlar edilir, paylaşımlar yayılır. Bu nə deməkdir? Axı psixologiyası tam formalaşmamış uşaqlar, yeniyetmələr, həmçinin qadınlar, gənc qızlar və kişilər bu məzmunlara məruz qalır. Bu, cəmiyyətin kütləvi şəkildə əxlaqsızlaşdırılması deməkdir.

Halbuki Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində bu məsələlərlə bağlı son dərəcə aydın qadağalar var. Nədənsə sosial şəbəkə istifadəçiləri elə düşünürlər ki, istədikləri hər cür məzmunu paylaşa bilərlər və bunun üçün heç bir məsuliyyət daşımayacaqlar. Sevindirici haldır ki, bizim, yəni sosioloqların bu istiqamətdə ardıcıl çağırışlarımız fonunda həm inzibati, həm də cinayət müstəvisində daha sərt qaydaların tətbiqi gündəmə gəlib. Çünki bu, belə davam edə bilməz. Mütləq şəkildə buna qarşı hüquqi mexanizmlər işləməli, cəmiyyət qorunmalıdır. Bu, son dərəcə təqdirəlayiq addımdır".

Sosioloq hesab edir ki, sərtləşdirilmiş qaydalar yalnız sosial şəbəkələrə yox, müəyyən KİV-lərə də şamil edilməlidir: “Çünki bəzən bəzi media orqanlarında boşanma təbliğ olunur, ailə dəyərlərinin sarsıdılmasına xidmət edən materiallar yayımlanır. Bu istiqamətdə də hüquqi çərçivə sərtləşdirilməlidir. Sosial şəbəkələr isə artıq idarəolunmaz vəziyyətə gətirilib.

Təsəvvür edin: bir qadın çıxıb bədənini açıq-aşkar əxlaqsız formada göstərir və üstəlik buna çağırış edir. Bu, əxlaqsızlığın və fahişəliyin təşviqi deyilmi? Nəhayət ki, buna son qoyulmalı idi. Bu baxımdan sosial şəbəkələrdə filtr və nəzarət sistemlərinin tətbiqi zəruridir. Hər şey oraya yığılmamalıdır.

Məsələn, 2017-ci ildə Almaniya hökuməti sosial şəbəkə operatorları ilə müqavilə bağladı və bu cür məzmunlarla bağlı xüsusi hüquqi mexanizmlər formalaşdırıldı. Belə ki, qaydanı pozan hər hansı şəxsin məlumatları dərhal dövlət orqanlarına ötürülür və onların barəsində hüquqi tədbirlər görülür. Bizdə niyə olmasın? Hətta desək ki, biz bu məsələdə xeyli gecikmişik, yanılmarıq. Bu barədə çoxdan düşünməli idik. Xatırladım ki, 2025-ci ildə 19 martda süni intellektlə bağlı qəbul edilən strategiyada təhlükəsizlik riskləri xüsusi olaraq qeyd olunmuşdu. Yəni əgər lazımi tədbirlər görülməzsə, təhdidlər qaçılmaz olacaq. Bu səbəbdən həm aidiyyəti dövlət qurumları, həm də cəmiyyət ayıq olmalı, məsuliyyətlə reaksiya verməlidir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR