Ermənistanın baş naziri Nikol Paşinyan regiondakı proseslərlə bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o, Zayed mükafatının 1 milyon dollarlıq məbləğinin Azərbaycan və Ermənistan arasında bərabər bölündüyünü bildirib.
Baş nazirin sözlərinə görə, vəsait hələ köçürülməyib və pul daxil olduqdan sonra onun hansı ictimai məqsədlərə yönəldiləcəyi barədə qərar veriləcək.
“Bu vəsaiti hansı ictimai ehtiyaclara sərf etməyin düzgün olacağını düşünürəm”, — deyə Paşinyan qeyd edib.
O, eyni zamanda Rusiyaya dair açıq mesaj səsləndirib. Paşinyan bildirib ki, Rusiyada müəyyən dairələr Ermənistanın Türkiyə və Azərbaycanla barışmasını istəmir.
Baş nazirin fikrincə, bunun səbəbi sülhün Ermənistanı daha müstəqil dövlətə çevirə bilməsi ilə bağlıdır:
“Rusiyada belə düşünən çevrələr var: əgər Ermənistan Türkiyə və Azərbaycanla sülh bağlasa, tam müstəqil dövlətə çevriləcək. Amma düşmənçilik qalarsa, Ermənistan Rusiyanı daha möhkəm qucaqlamağa məcbur olacaq”.
Açıqlama İrəvanın regional siyasətdə yeni kurs axtarışının növbəti siqnalı kimi qiymətləndirilir.
Musavat.com






