Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ prezidenti Donald Trampın Çinə səfərindən əvvəl ABŞ-a səfər etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı "Sankei" qəzeti yayıb. Səfərin Yaponiya parlamentinin 2026-cı maliyyə ili üçün büdcə qanun layihəsini qəbul etməsindən sonra 2026-cı ilin əvvəlində və ya mart ayında təşkil olunması nəzərdən keçirilir. Takaiçi Trampla Tokio və Pekin arasında pisləşən münasibətlər barədə fikir mübadiləsi aparmağı və Yaponiyanın milli təhlükəsizlik strategiyasını yeniləmək planını müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, Baş nazir Sanae Takaiçi parlament müzakirələri zamanı Tayvan yaxınlığında baş verə biləcək mümkün hərbi böhranın "mövcudluq təhlükəsi" yaradacağını və Yaponiyanı "kollektiv özünümüdafiə hüququndan" istifadə etməyə məcbur edə biləcəyini bildirdikdən sonra Pekin və Tokio arasındakı münasibətlər kəskin şəkildə pisləşib.
Qəzetin məlumatına görə, Tramp bu məsələdən uzaq durmağa çalışıb. Takaiçinin ABŞ-a səfəri baş tutarsa, yapon müşahidəçiləri Amerika prezidentinin Çin məsələsində Yaponiya ilə həmrəylik nümayiş etdirib-etdirməyəcəyinə diqqət yetirəcəklər.
Musavat.com






