Son aylarda ölkədə onlayn dələduzluq halları təhlükəli həddə çatıb. Növbəti belə fakt Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzə çıxarılıb.
Polisin yaydığı məlumata görə, sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifələrinə bənzər saxta səhifələr yaradaraq “aşağı faizli, sərfəli kredit” elanları yerləşdirən 22 yaşlı Hacızeynal Hacıyev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, vətəndaşları cəlb etmək üçün real maliyyə qurumlarının ad və vizual elementlərindən istifadə edib, insanlarda etimad yaradaraq onların şəxsi və bank kartı məlumatlarını ələ keçirib.
Zərərçəkənlər saxta səhifələrdə yerləşdirilən elanlara inanaraq kart rekvizitlərini, CVV kodlarını, hətta bəzi hallarda müxtəlif məbləğlərdə pul vəsaitlərini birbaşa qarşı tərəfə göndəriblər. Təqsirləndirilən şəxs isə vəsaiti əldə etdikdən sonra həmin hesabları bloklayaraq məsuliyyətdən yayınmağa çalışıb. İlkin məlumata görə, bu üsulla çoxsaylı vətəndaşlara külli miqdarda maddi ziyan vurulub.
Daxili İşlər Nazirliyinin açıqlamalarından da görünür ki, ölkə üzrə dələduzluq cinayətləri artan dinamika ilə davam edir. Demək olar ki, hər gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yayılan rəsmi məlumatlarda yeni saxta kredit, onlayn qazanc və investisiya tələləri barədə xəbərdarlıqlar yer alır.

Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, bu cür faktlara bir hüquq-mühafizə orqanında illərlə çalışmış şəxs kimi yanaşanda mənzərə daha aydın görünür: "Birincisi, burada söhbət təsadüfi bir “internet fırıldağından” getmir. Bu, planlı və psixoloji təsir üzərində qurulmuş cinayət mexanizmidir. Dələduz əvvəlcə vətəndaşın ən həssas nöqtəsini tapır.
Maddi sıxıntı, kredit ehtiyacı, tez pul qazanmaq arzusu olanlar müəyyən olunur. Sonra isə sosial şəbəkələrdə rəsmi maliyyə qurumlarının səhifələrinə bənzər platformalar yaradaraq etimad mühiti formalaşdırır. Bu, artıq klassik dələduzluq yox, kiber-manipulyasiyadır".
Sabiq polis rəisi deyib ki, əməliyyat tədbirləri nəticəsində 22 yaşlı şəxsin saxlanılması göstərir ki, hüquq-mühafizə orqanları operativ işləyir: "Amma məsələ təkcə bir nəfərin tutulması ilə bitmir. Problem daha böyükdür. Vətəndaşların hüquqi savadlılığı aşağı səviyyədədir. Təcrübə göstərir ki, kart məlumatlarını, CVV kodunu, birdəfəlik SMS təsdiq şifrəsini qarşı tərəfə ötürmək faktiki olaraq öz vəsaitini könüllü şəkildə təqdim etmək deməkdir. Bank sistemi heç vaxt bu məlumatları telefon və ya sosial şəbəkə vasitəsilə tələb etmir. Buna baxmayaraq, insanlar “aşağı faiz”, “sürətli kredit”, “komissiyasız köçürmə” vədlərinə inanırlar. Son vaxtlar DİN tərəfindən yayılan gündəlik məlumatlara baxsaq, demək olar ki, hər gün bir neçə oxşar fakt qeydə alınır. Bu isə onu göstərir ki, kiberdələduzluq artıq epizodik yox, sistemli xarakter alır".
Sabiq polis rəisi deyib ki, belə cinayətlərin qarşısının alınmasında üç istiqamət vacibdir: "Profilaktika və maarifləndirmə işləri daimi olmalıdır. Televiziya, media, sosial platformalar vasitəsilə davamlı xəbərdarlıqlar edilməlidir. Texniki nəzarət gücləndirilməlidir. Saxta səhifələrin sürətli aşkarlanması və bloklanması mexanizmi təkmilləşdirilməlidir.
Ən başlıcası isə cəzanın qaçılmazlığı prinsiplərinə ciddi şəkildə əməl olunmalıdır. Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun sərt hüquqi tədbirlər görülməlidir ki, digərləri üçün çəkindirici faktor olsun".
Sabiq polis rəisi bildirib ki, dələduzluğa məruz qalmış şəxs yalnız maddi zərər çəkmir, həm də psixoloji travma alır. İnsan özünü aldadılmış, hüquqsuz və müdafiəsiz hiss edir. Cinayətkar isə məhz bu zəiflik üzərində strategiya qurur. Vətəndaşlara tövsiyəm qətidir: Heç bir bank və ya kredit təşkilatı sosial şəbəkə vasitəsilə kart məlumatı istəmir. Şübhə varsa, birbaşa rəsmi nömrəyə zəng edin, bank filialına yaxınlaşın və ya hüquq-mühafizə orqanlarına məlumat verin. Cinayətkarın əsas silahı aldatmaqdır. Cəmiyyətin əsas silahı isə məlumatlılıq və ayıq-sayıqlıqdır".
E.Məmmədəliyev, Musavat.com






