İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran iki od arasında: etirazlar, sanksiyalar və yeni müharibə riski

1200 06.01.2026 17:40 Siyasət A A

İranda ötən ilin son günlərində başlayan etirazlar davam edir. Daha əvvəl (2017, 2019, 2022-ci illərdə) baş vermiş etirazlar zamanı olduğu kimi, bu dəfə də aksiyalar sosial-iqtisadi şüarlarla başladı və tədricən siyasi şüarlara çevrildi.

Əslində, İranda sosial partlayışın olacağını əksər region ekspertləri proqnozlaşdırırdı. 12 günlük İsrail–İran müharibəsi müəyyən mənada bu prosesi geriyə atsa da, ölkədə vəziyyətin getdikcə pisləşməsi sosial narazılığın küçələrə sıçrayacağı ehtimalını gücləndirirdi. Bu dəfə isə etirazlara prezident Məsud Pezeşkiyanın vəziyyətdən narazı əhalinin etirazlarını körükləyən çıxışı səbəb oldu. Eyni zamanda hökumətin zəruri mallara verilən nağd subsidiyaları dayandırması, eləcə də hökumətin işləyə bilmədiyi barədə söylədiyi fikirlər də təsir göstərdi.

İran prezidenti Pezeşkiyanın türkcə danışması panfarsları qəzəbləndirdi -  VİDEO

Prezident Pezeşkiyanın bu sözləri hansı məqsədlə deməsi məlum deyil. Bəzilərinə görə, bu açıqlama məqsədli ola bilərdi. Ancaq əsas məsələ odur ki, Pezeşkiyan hökuməti və mühafizəkar qanad arasında ciddi münaqişə və uçurum var. Mühafizəkar media, xüsusən də “Sepah”a yaxın media islahatçı prezidentin fəaliyyətini ciddi təftiş və tənqid edir. Digər tərəfdən, yenə mühafizəkarların nəzarəti altında olan parlament hökumətə ciddi təzyiq edir. Prezident Pezeşkiyan faktiki olaraq iki tərəfdən təzyiq altındadır.

Birincisi, İrana qarşı uzun müddətdir ki, davam edən sanksiya hücumudur. Tramp hökuməti xüsusən də son aylarda İrana qarşı sanksiyaları artırır və faktiki olaraq Tehranın “qara bazarda” neft satışı imkanlarını ciddi şəkildə məhdudlaşdırır. İran hakimiyyətinin uzun illərdir istifadə etdiyi xarici ölkələrdə başqa adlarla qeydiyyatdan keçmiş neft donanması və şəxslərə qarşı sanksiyalar tətbiq olunub. Bu səbəbdən də neft satışı kəskin şəkildə azalıb. Hazırda İranın neft ixracatı keçmiş prezident İbrahim Rəisinin dövründə olduğundan çox aşağı həddədir. Həmçinin qeyri-neft sektorunda da ciddi geriləmə var.

İranda etirazlar şiddətlənir: azərbaycanlılar niyə kəna...

İran hökumətinin ikinci çətinliyi daxildəndir. Pezeşkiyan mühafizəkar qanad, xüsusən də “Sepah” kimi qüdrətli rəqibləri qarşısında özünü müdafiə etməyə çalışır, iqtisadi vəziyyəti düzəltmək üçün səlahiyyətlərinin və gücünün yetərli olmadığını deməyə çalışır.

Ancaq bütün bunların fonunda İranda son etirazlar – hələ davam etsə də – 2017 və 2022-ci il etirazları ilə müqayisədə zəif təsir bağışlayır. Burada bir neçə amil özünü göstərdi.

Birincisi, mübarizə hakimiyyət daxilində “islahatçı” hökumətlə “mühafizəkar” ordu və parlament arasında olduğu üçün bölünmə bu parametrlər üzərində baş verdi; geniş kütlələri əhatə etmədi. İranda əslində titul xalq olan azərbaycanlılar təbii olaraq Pezeşkiyanı dəstəklədi və aksiyalara demək olar ki, kütləvi şəkildə qatılmadı.

Xamenei və Pezeşkian üz-üzə qaldı: Bakıya qarşı bunu edə bilməzlər

İkincisi, son illərdə ABŞ və İsrailin açıq dəstəklədiyi Rza şahın oğlunun əsas müxalifət olaraq ortaya çıxması digər qrupları çəkindirdi. İranda monarxistlərin əksəriyyəti ölkə xaricindədir və kütlə üzərində ciddi təsirləri yoxdur. Üstəlik, Şah rejimi ilə bağlı acı xatirələr var. Bu isə geniş kütlənin monarxistlər ətrafında birləşməsinə mane olur. Şahın oğlu isə İranda hazırkı rejimə qarşı müxalif olanları birləşdirəcək keyfiyyətlərə sahib deyil və alternativ qüvvə olaraq təşkilatlanmış gücə rəhbərlik etmir. Başqa sözlə, monarxistlər hazırkı rejimə qarşı alternativə çevrilməyib.

Üçüncüsü, etirazların arxasında xarici qüvvələrin olmasıdır. ABŞ və İsrailin açıq şəkildə etirazları dəstəkləməsi etirazçıları cəsarətləndirsə də, passiv kütləni qorxudur və üstəlik rejim üçün cəza mexanizminə legitimlik qazandırır. Son günlərdə İran təhlükəsizlik və hüquq-mühafizə orqanları fəal şəkildə etirazların təşkilatçılarını həbs edir. Onlar bir qayda olaraq xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur və güman ki, əsas fəallar edam olunacaq. Bu da əslində İslam Respublikası güc orqanlarına mümkün risk qruplarını sıradan çıxarmaq üçün fürsət verir.

Görünür, bu səbəbdəndir ki, İsrail baş nazirinin Rusiya prezidenti vasitəsilə İrana hücum etməyəcəyi ilə bağlı xəbər göndərdiyi haqda məlumatlar yayılır. Çünki yuxarıda da qeyd edildiyi kimi, proseslərin arxasında ABŞ və İsrailin olması İran hakimiyyətinə etirazları boğmaq üçün stimul və səbəb verir.

Netanyahu Putin vasitəsilə İrana mesaj göndərib - Unikal.az

Ancaq həm indiki, həm də bundan əvvəlki hadisələr göstərir ki, İrana qarşı yeganə təsir vasitəsi etnik hərəkatlar və onlara bağlı silahlı üsyanlar ola bilər. Son illərdə etirazların baş verdiyi bölgələrdə silahlı hücumların artması da bunu təsdiqləyir. Məsələ ondadır ki, hazırda İranda 3 əsas risk qrupu hesab olunan etnik icma var. Bunlar kürdlər, ərəblər (Əhvaz) və bəluclar (Sistan-Bəlucistan) əhalisidir. Son aylarda Sistan-Bəlucistanda silahlı hücumların artması, xüsusən də “Sepah” patrullarına təşkil olunan silahlı hücumların əsas məqsədi bu bölgədə qeyri-sabitlik və silahlı münaqişə yaratmaqdır.

Əsas “sərmayə” isə kürd qrupları üzərinə qoyulub. İranın ötən ay kürd qərargahlarını bombalaması, eləcə də PKK-dan ayrılan bir neçə minlik qrupun İrana yerləşdiriləcəyi ilə bağlı mediada yayılan xəbərlər və İran rəsmilərinin bu yöndə açıqlamaları Tehranın əsas risk qrupu olaraq kürd silahlılarını görməsinə işarə edir. Etnik separatizm Yaxın Şərqin digər respublikaları kimi İran üçün də ən böyük risk mənbəyidir. Son hadisələr zamanı İlam və digər kürd məntəqələrində silahlı toqquşmaların baş verməsi buna bir işarədir.

Nəticə etibarilə, yuxarıda da qeyd etdiyimiz kimi, sosial etirazların pərakəndə olması, aksiya və qarşıdurmaların daha çox “kənarlarda” baş verməsi, Azərbaycan əhalisinin etirazlara qarışmaması, nəhayət, xarici amil hazırkı İran etirazlarının genişlənə bilməsi qarşısında əsas maneə rolunu oynayıb.

Əlbəttə, nəzərə almaq lazımdır ki, aksiyalar tam olaraq bitməyib, ölkədə iqtisadi vəziyyət pisdir və daha da pisləşməkdə davam edir. Nəhayət, İsrailin hər an İrana hücum edəcəyi riski hələ də yüksəkdir. Növbəti müharibə daha uzunmüddətli və dağıdıcı ola bilər.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR