İranda hakimiyyətin təşkilatçılığı ilə keçirilən növbəti izdihamlı aksiya dünya mediasının diqqət mərkəzinə düşüb. Paytaxt Tehranın mərkəzi meydanına ABŞ-ın yüksək rütbəli hərbi komandirlərinin simvolik tabutları gətirilib.
Musavat.com xəbər verir ki, İran mediasının yaydığı fotolarda ABŞ bayrağına bürünmüş bu tabutların üzərində tanınmış generalların adları və şəkilləri əks olunub.
Nümayiş etdirilən tabutlar arasında ABŞ ordusunun ən yüksək eşelonuna daxil olan şəxslərin adları var:
-
Bred Kuper – ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri;
-
Rendi Corc – ABŞ Ordusunun Qərargah rəisi;
-
Kertis R. Bass – 9-cu Hava Ordusunun komandan müavini.
Xüsusilə diqqət çəkən məqam odur ki, adı "ölüm siyahısı" kimi təqdim edilən Bred Kuper cəmi bir neçə gün əvvəl – cümə günü Omanda İranla aparılan gizli danışıqlarda ABŞ nümayəndə heyətinin tərkibində iştirak edib.
Ekspertlər hesab edir ki, rəsmi Tehran bir tərəfdən Vaşinqtonla diplomatik təmasları davam etdirsə də, digər tərəfdən daxili auditoriya üçün radikal hərbi ritorikanı və psixoloji təzyiqi ən pik həddə çatdırır. Bu addım ABŞ və İran arasındakı onsuz da gərgin olan münasibətləri daha da alovlandıra bilər.
Musavat.com






