Son günlər Azərbaycanda “Temu” onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullar ciddi ictimai narazılığa səbəb olub.
Musavat.com xəbər verir ki, söhbət üzərində 8 Noyabr – Zəfər Günü simvolikası və Bakıda yerləşən Zəfər abidəsinin təsviri olan məhsullardan gedir.
Həmin təsvirlərin tualet qapaqları, vanna otağı üçün aksesuarlar, unitaz üçün ayaqaltıları, corablar və digər məişət əşyaları üzərində yerləşdirilməsi cəmiyyət tərəfindən milli dəyərlərə, şəhidlərin xatirəsinə və Azərbaycanın tarixi Zəfərinə açıq hörmətsizlik kimi qiymətləndirilib.
Məsələ sosial şəbəkələrdə geniş rezonans doğurub, çoxsaylı istifadəçilər bunu təhqiramiz addım adlandıraraq etirazlarını bildiriblər. Qalmaqala səbəb olan məhsulların Çinin Zhejiang əyalətində istehsal olunduğu və “Elmber Gloow” adlı mağaza tərəfindən “Temu” platformasında satışa çıxarıldığı bildirilir. Məhsullar arasında stolüstü örtüklərin də olduğu qeyd edilir.
İddialara görə, sözügedən məhsulların sifarişinin ermənilər tərəfindən Çin istehsalçılarına verildiyi də bildirilir. Bu məqam ictimai qınağı daha da gücləndirib.
Cəmiyyətdə haqlı narazılıq doğuran bu məsələ ilə bağlı “Temu” platformasının mövqeyi və məhsulların satışdan yığışdırılıb-yığışdırılmayacağı gözlənilir.
Şahanə Rəhimli
Musavat.com






