ABŞ–Ermənistan birgə bəyanatı və TRIPP layihəsinin konturları İrəvanda gözlənildiyi kimi siyasi qızdırma yaradıb.
Musavat.com xəbər verir ki, revanşist düşərgənin nümayəndələrindən “Ana Ermənistan” adlı partiyanın lideri Andranik Tevanyan sənədi “suverenliyin zədələnməsi” kimi təqdim edir və Ermənistanın əslində Azərbaycan və Türkiyənin maraqlarına xidmət edən bir modelə razılaşdığını iddia edir.
Tevanyanın arqumentlərinin mərkəzində TRIPP-in Naxçıvanla əsas Azərbaycan arasında maneəsiz nəqliyyat əlaqəsi açması dayanır. Onun fikrincə, bu xətt Bakının uzunmüddətli məqsədlərindən biri olub və indi Vaşinqtonun iştirakı ilə reallaşdırılır. Bunun müqabilində İrəvanın nə Azərbaycan, nə də Naxçıvan ərazisindən keçən ekvivalent marşrut əldə etməyəcəyi vurğulanır. Yəni sənəd “regional blokadanın açılması” kimi deyil, “Zəngəzur üzərindən birtərəfli dəhliz” kimi çərçivələnir.
Tevanyan daha sonra sənəddə qeyd olunan “front office / back office” mexanizmini hədəfə alır. Bu sxemə əsasən gömrük və sərhəd prosedurlarında erməni məmurların azərbaycanlı sürücü ilə birbaşa təması olmayacağı bildirilir. Revanşist ritorikada bu, Bakının “erməni dövlət məmurunu görməmək” tələbinin yerinə yetirilməsi kimi təqdim edilir. Paralel olaraq, sənəddə nəzərdə tutulan uzunmüddətli idarəetmə müddətləri “99 illik nəzarət itirilməsi” kimi şişirdilir.
Bütün bunların fonunda Tevanyan TRIPP-in üç əsas qalibini sadalayır: ABŞ – layihəni geoiqtisadi alətə çevirdiyi üçün; Azərbaycan və Türkiyə – Naxçıvanla quru xəttin açılması və pantürkist xəttin möhkəmlənməsi səbəbilə; və nəhayət Baş nazir Nikol Paşinyan – bütün bunları “sülh” kimi sataraq seçki dividentinə çevirmək üçün. Eyni məntiqdə Ermənistan isə layihədə nə iqtisadi qazanclar, nə tranzit üstünlükləri, nə də geosiyasi dayaq əldə etməyən tərəf kimi təqdim olunur.
Musavat.com






