İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpaq satılmır! – Putinə 3 barmağın məşhur İŞARƏSİ göstərildi

2262 17.01.2026 15:27 Yazarlar A A

Rusiya öz çirkin xislətinə uyğun surətdə Ukraynanın mülki və strateji əhəmiyyətli infrastruktur obyektlərinə, özəlliklə elektrik enerjisi istehsal edən mərkəzlərinə rəhmsizcəsinə dron yağdırmağa davam edir. Artıq paytaxt da dərin enerji böhranla üz-üzədir.

Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər hazırda ehtiyac duyduğu elektrik enerjisinin təxminən yarısı ilə təmin olunur. İndiki vəziyyət fevral 2022-ci ildən bəri Kiyevdə yaşanan ən ağır enerji böhranı kimi qiymətləndirilir...

Əslində, bu bir soyqırımı. Çünki elektrik təkcə qızınmaq üçün yox, həm də xəstəxanalara, cərrahi otaqlara, doğum evlərinə, uşaq bağçalarına və s. lazımdır. Hədəf bəlli: 4 ildir döyüş meydanında əsas hədəflərinə çatmayan Kreml ukraynalıları sərt qışla imtahana çəkib bezdirəcəyini və ədalətsiz sülhə razı salacağını zənn edir. Bəs nəticə?

Var. Aşağıdakı “isti” fakta diqqət. 

“Ukraynalıların əksəriyyəti ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Rusiyanın nəzarətinə verilməsi imkanını qəti şəkildə rədd edir”. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KMİS) 2026-cı il yanvarın 9-dan 14-dək ölkə üzrə keçirdiyi sorğunun yekunundan belə bir qənaət hasil olub.

Bildirilir ki, respondentlərin 54%-i üçün belə bir addım qəbuledilməzdir, 39%-i isə yalnız ciddi zəmanətlər şərti ilə bunu nəzərdən keçirməyə hazırdır. Daha 5% cavab verməkdə çətinlik çəkib.

Donbasın Rusiyanın nəzarətinə verilməsinə qarşı olanlar arasında 35% hesab edir ki, bundan sonra da münaqişə davam edə bilər. 33% “Ukrayna sadəcə öz ərazilərindən imtina edə bilməz” fikrindədir, 25% isə Qərbin təhlükəsizlik zəmanətlərinin real olacağına inanmır. Güzəştin tərəfdarları arasında 24% Rusiyadan qorunma üçün real müdafiə mexanizmlərində israr edir, 21% Qərb ölkələrinin qoşunlarının Ukraynada yerləşdirilməsini, 18% isə zəruri silahların tədarükünü tələb edir...

Göründüyü kimi, 2026-cı il üçün ilk olan sorğunun nəticələri prezident Volodimir Zelenski və Baş Qərargah rəisi Aleksandr Sırskinin münaqişə ilə bağlı prinsipial mövqeyinin xalq tərəfindən dəstəkləndiyini bir daha təsdiqləyir. Yəni, Rusiyaya döyüşlə ala bilmədiyi bir qarış torpaq belə peşkəş edilməyəcək. Bacarırsa, alsın.

İkincisi, sorğu işğalçı dövlətin silahlı qüvvələrinin qışın oğlan çağında belə Ukraynanı enerji infrastrukturunun vəhşicəsinə raket zərbələrinə məruz qoymasının əks effekt verdiyini sübut edir. Başqa sözlə, Ukrayna xalqının əzminin bu yolla qırmağın mümkünsüzlüyü ortada. Rusiyaya nifrət, qəzəb daha da artıb. Faktiki, Putinə 3 barmağın məşhur işarəsi göstərilib. Odur ki, Moskva gərəkən dərsi götürsün. Nə qədər gec deyil.

Üçüncüsü, deməli, mümkün referendumda hansı nəticə olacağı aşağı-yuxarı artıq indidən bəlli. Bu xüsusda son sorğunun yekununu belə də oxumaq olar: ukraynalılar hər bir normal xalq kimi sülh istəyirlər, ancaq bu, təslimçi, rüsvayçı bir anlaşma olmamalıdır.

Və nəhayət, təhlükəsizlik məsələsi. Sorğu belə bir bəsit həqiqətə öz “möhürünü” basıb: bunca baş verənlərdən sonra Rusiyaya, onun liderinin quru sözünə və ya yazılı vədinə dövlət olaraq heç bir inam-etimad ola bilməz! O səbəbə Ukraynanın təhlükəsizliyi üçün real zəmanət mexanizmi yaradılmalıdır ki, gələcəkdə o, yenidən yırtıcı qonşusunun hədəfinə gəlməsin. Bu da ukraynalıların HALAL haqqı...

Z. SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR