Donald Trump administrasiyası saxlanılan miqrantlar üçün yeddi iri mərkəzin tikintisini planlaşdırır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat verib.
Bu obyektlərdə eyni vaxtda ümumilikdə 80 minədək insanın yerləşdirilməsi nəzərdə tutulur.
Qəzetin məlumatına görə, layihənin icrası üçün ABŞ hakimiyyəti immiqrasiya üzrə saxlanma sisteminin yenilənməsində iştirak edəcək podratçı şirkətlər axtarır. Tender sənədlərində sənaye təyinatlı obyektlərin yenidən qurularaq böyük həcmdə insanın yerləşdirilməsinə uyğunlaşdırılması planlaşdırılır.
Prosesə əsasən, saxlanılan şəxslər əvvəlcə bir neçə həftəlik xüsusi qeydiyyat və emal mərkəzlərində qalacaq, daha sonra isə hər biri 5–10 min nəfər üçün nəzərdə tutulan yeddi əsas kompleksdən birinə köçürüləcək. Bu mərkəzlərdə miqrantlar deportasiya prosedurlarına hazırlanacaq.
Yenidən qurulacaq obyektlərin Virciniya, Texas, Luiziana, Arizona, Corciya və Missuri ştatlarında əsas logistika qovşaqlarına yaxın ərazilərdə yerləşdirilməsi planlaşdırılır. Bundan əlavə, hər biri 1500 nəfərlik daha 16 obyektin yaradılması da nəzərdə tutulur.
Məqalədə qeyd olunur ki, bu plan Trampın kütləvi saxlanma və deportasiya siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilir. Tender elanında bildirilir ki, yeni mərkəzlər sistemin səmərəliliyini artırmalı, xərcləri azaltmalı, sənədləşmə və saxlanma müddətini qısaltmalı, eyni zamanda saxlanılan şəxslərin hüquqlarına hörmət təmin olunmalıdır.
Məlumata görə, mərkəzlər yaşayış otaqları, sanitar qovşaqlar, mətbəx və yeməkxanalar, tibbi bölmələr, istirahət zonaları, hüquqi kitabxanalar və inzibati ofislərlə təchiz ediləcək. Obyektlərin bir hissəsi ailələrin saxlanması üçün uyğunlaşdırılacaq.
Musavat.com






