Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp kabinet iclasının sonunda Minnesota ştatındakı somalili miqrantlarla bağlı kəskin açıqlamalar verib.
The Washington Post yazır ki, Tramp Minnesota icmasını “zibil” adlandırıb və son həftələr ardıcıl olaraq hədəfə aldığı somalili miqrantlarla bağlı yenidən dehumanizasiya xarakterli ifadələrdən istifadə edib.
Prezidentə Minnesota qubernatoru Tim Valtzın sosial xidmətlər sistemində aşkarlanan genişmiqyaslı dələduzluq qalmaqalına görə istefa verib-verməməsi barədə sual ünvanlanıb. Araşdırmalara görə, son beş il ərzində onlarla somalili şəxsin milyonlarla dollar dövlət vəsaitini mənimsədiyi iddia olunur. Qeyd edək ki, qubernator Valtz və Minnesota deputatı İlhan Omar bu qalmaqalda adı hallanmayan şəxslərdir.
Tramp cavabında həm Valtzı, həm də Omarı “bacarıqsız siyasətçilər” adlandırıb və Somali əsilli icmayı qəbul etməklə Minnesota ştatının səhvə yol verdiyini bildirib. ABŞ Prezidenti qeyd edib ki, “ölkənin ən çox somalili yaşayan ştatı belə yükü daşımamalıdır”.
Hadisə geniş rezonans doğurub və Tramp administrasiyasının miqrasiya siyasəti ilə bağlı mübahisələri daha da kəskinləşdirib.
Musavat.com






