"The Wall Street Journal" ABŞ prezidentinin Kiyevə təzyiqi artırdığını yazır.
Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, Donald Tramp administrasiyası Ukraynanın Vaşinqtonun irəli sürdüyü sülh formuluna tez razılıq verməsini istəyir və bununla da ABŞ-ın danışıqlardakı mövqelərini möhkəmləndirməyə çalışır.
Avropa paytaxtları isə tam əks mövqedə dayanır: onların fikrincə, dayanıqlı sülhün əsası ABŞ-ın real təhlükəsizlik təminatları olmalıdır. Bu məsələdə fikir ayrılığı xüsusilə kəskinləşir - söhbət ərazi məsələləri, Ukraynanın NATO perspektivi və dondurulmuş Rusiya aktivlərinin taleyindən gedir.
Tramp isə Avropa yanaşmasını sərt tənqid edir, onları “zəiflik” göstərməkdə günahlandırır və iddia edir ki, mümkün danışıqlar masasındakı əsas üstünlük Rusiyanın əlindədir.
Nəşrin qiymətləndirməsinə görə, Trampın ritorikası həm Kiyevə, həm də Avropaya təzyiq mexanizmi kimi işləyir və onu Ukrayna üzrə gələcək danışıqlarda öz şərtlərini diktə etməyə hazırlayan siyasi strategiyanın tərkib hissəsi kimi görünür.
Musavat.com






