İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın hədələdiyi ölkələrdən biri siyahıdan çıxarıldı - MÜHÜM GƏLİŞMƏ

1064 08.01.2026 16:07 Dünya A A

Ağ Ev sahibi Donald Tramp tərəfindən Venesueladakı hakimiyyət çevrilişindən sonra ABŞ-la Kolumbiya arasında gərginləşən münasibətlər birdən-birə düzəlməyə başlayıb. Son günlərdə bir-birilərinə meydan oxuyan prezidentlər-Donald Tramp və Qustavo Petro arasında baş tutan telefon danışığı Kolumbiyanın Birləşmiş Ştatların rəhbərinin hədəfinə tuş gələn ölkələr siyahısından çıxmasına səbəb olub. Hər halda Trampın telefon danışığı barədəki fikirləri bunu deməyə əsas verir.

Sitat: “Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, narkotiklərlə bağlı vəziyyəti və yaşadığımız digər fikir ayrılıqlarını izah etmək üçün zəng edib. Mən onun zəng və tonunu yüksək qiymətləndirdim və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm”.

Kolumbiya üzərindəki “qara buludlar” çəkildimi?

1617898108_mubariz-goyushlujpg-1.jpg (41 KB)

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com saytına açıqlamasında bildirib ki, ABŞ prezidenti ilə Kolumbiya prezidentinin telefon danışığı maraqlı məqamları ortaya çıxarıb: "Belə ki, Venesuela prezidentinin ABŞ tərəfindən oğurlanıb Amerikaya gətirilməsindən sonra ABŞ-ın Latın Amerikası ölkələrinə təzyiqləri daha da artıb, xüsusən Kolumbiya və Kuba kimi ölkələrə. Görünən odur ki, bu ölkələr hədəfdədir və özləri də bunun fərqindədirlər.

Kolumbiya lideri bu vəziyyətdən yayınmaq və ABŞ-ın tələblərini yerinə yetirmək qərarına gəlib. Bu səbəbdən telefon danışığı baş tutub və ABŞ prezidenti Tramp bu danışıqdan sonra Kolumbiya prezidentini tərifləyib, çünki görünən odur ki, Amerika ilkin məqsədinə nail olub və qarşı tərəfi müəyyən qədər razı sala bilib. Bu telefon danışığı ABŞ-la Kolumbiya arasında hələlik qarşıdurma olmayacağını göstərir. Kolumbiya da ABŞ-la tam qarşıdurmaya getmək istəmir.

Gələcəkdə müxtəlif məsələlər üzrə əməkdaşlıq mümkündür və artıq iki lider arasında birbaşa dialoq kanalı açılıb. Bu dialoq Kolumbiyanı düşmən ölkələr siyahısından çıxarıb, problemli tərəfdaş statusuna keçirə bilər. ABŞ üçün belə ölkələr əməkdaşlıq etməyə açıqdır, lakin təzyiq altında saxlanılmalıdır. Əgər Kolumbiya lideri əvvəlki anti-Amerika ritorikasına qayıtmasa və Trampın tələblərini qəbul etsə, dialoq kanalı əməkdaşlıq kanalına çevrilə və daha da genişlənə bilər. Tramp onu Vaşinqtona dəvət edir və masa arxasında daha geniş müzakirələr aparmaq, həmçinin müəyyən öhdəliklər qoymaq niyyətindədir. Nəticə etibarilə, Kolumbiya bu mərhələdə ABŞ-ın hədəfi olmaqdan çıxa və Trampın tələblərinə əməl etməsi ilə əməkdaşlıq edən ölkə statusuna yüksələ bilər".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR