Ekspert: “Şuraya qoşulmaqla Bakı regional balans siyasətini pozmuş olar”
ABŞ prezidenti Donald Tramp Qəzzanın yenidən bərpası və idarə olunmasıyla bağlı təsis etdiyi “Sülh Şurası”na müxtəlif dövlətləri dəvət edib. Donald Tramp üzvlüyün havayı olmadığı qərarına gəlib. Dəvət edilən dövlət “Sülh Şurasına” üzv olmaq üçün 1 milyard dollar ianə ödəməlidir. Toplanan maliyyə vəsaitlərinin Qəzzanın yenidən qurulmasına xərclənəcəyi bildirilib. Bununla yanaşı “Sülh Şurası”na üzv olmaq istəyən dövlətlərə maliyyə vəsaitini ödəmək üçün 3 illik möhlət veriləcək.

Tramp artıq dəvətlərini ünvanlara göndərməyə başlayıb. Məlum olub ki, üzvlük haqqının kifayət qədər böyük məbləğ olmasına baxmayaraq, gəlirləri böyük olmayan dövlətlər də “Sülh Şurası”na üzv olmaq istəyirlər. Misal üçün “Sülh Şurası”na üzv olmaq istəyən Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab veriblər. Dəvətə müsbət cavab verən ölkələr arasında Türkiyə, Avstraliya, İordaniya, Yunanıstan, Pakistan, Kanada, Misir, Paraqvay, Argentina və Albaniya kimi dövlətlər var. Dəvətə hələ cavab verməyən ölkələr də var. Misal üçün Tramp Hindistanı da “Sülh Şurası”nda üzvlüyə dəvət edib.
ABŞ prezidenti “Sülh Şurası”nın yaradılmasını və müxtəlif ölkələrin üzvülüyə dəvət etməsini İsrailin baş naziri Benyamin Netanyahu ilə razılaşdırmayıb və bu ikincinin narazılığına səbəb olub. Misal üçün Benyamin Netanyahu Türkiyənin “Sülh Şurası”na üzv olmasını istəmir. ABŞ Rusiya prezidenti Vladimir Putini Qəzza üzrə “Sülh Şurası”na qoşulmağa dəvət edib. Ermənistanın baş naziri Nikol Paşinyan da “Sülh Şurası”na təsisçilərdən biri kimi qoşulmaq üçün rəsmi dəvət alıb.Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat yayıb."Baş nazir Paşinyan təklifi sevgi və məsuliyyətlə qəbul edib, Ermənistanın sülhə töhfə vermək işinə sadiqliyini təsdiqləyib", - o yazıb.
ABŞ prezidentinin Bakıya məktub göndərdiyi barədə məlumat yoxdur. Vaşinqton Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirakını da istəyirdi. Azərbaycan Qəzzada sülhməramlı missiyada iştirak etməyəcəyi bəllidir. Azrbaycanın gələcəkdə “Sülh Şurası”nda iştirakı mümkündür?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a dedi ki, ABŞ prezidenti Donald Trampın Qəzzanın yenidən qurulması üçün təşkil etdiyi “Sülh Şurası” təşəbbüsü, beynəlxalq siyasətdə yeni bir addımdır: "Şura üzvlük haqqı kimi bir milyard dollar ianə tələb edir. Nisbətən aşağı gəlirli dövlətlərin də müsbət cavab verməsi Şuranın diplomatik cazibəsini göstərir. Lakin Azərbaycanın vəziyyəti digərləri ilə müqayisədə daha mürəkkəbdir və təkcə maddi durumla bağlı deyil. Rəsmi Bakının dəvət alması ilə bağlı hələ məlumat yoxdur. Bununla belə, Azərbaycan Qəzzada sülhməramlı missiyaya qoşulmayacağını ifadə edib.
Azərbaycanın İsrail ilə strateji tərəfdaşlığı bu məsələdə qərarların verilməsində başlıca rol oynayır. Rəsmi Bakı İsraildən hərbi texnologiya əldə edən ölkə kimi Qəzza münaqişəsində ehtiyatlı mövqe sərgiləyir. Netanyahu ilə razılaşdırılmadığına görə, Trampın ideyası İsrailin narazılığına səbəb olub. Xüsusilə, Türkiyənin iştirakı kimi məsələlər rəsmi Tel-Əvivi narahat edir.
Mövcud situasiya Azərbaycan-İsrail əlaqələrini gücləndirmək üçün yaxşı fürsət yaradır. Lakin Şuraya qoşulmaqla Bakı regional balans siyasətini pozmuş olacaq. Çünki Türkiyə və Pakistan kimi müsəlman ölkələr Qəzza məsələsində Fələstinin müdafiəçisi kimi tanınır. Azərbaycan isə neytral mövqe sərgiləməklə İran və Rusiya ilə də əlaqələrini qoruyub saxlayır.
İqtisadi cəhətdən bir milyard dollar böyük məbləğdir. Lakin Azərbaycanın neft-qaz ehtiyatları və 2025-ci ilin büdcə artımı bunu idarə etməyə imkan verə bilər. Lakin bizim prioritetlər, xüsusilə, iqtisadi diversifikasiya, Qarabağın yenidən qurulması kimi zəruri layihələr Qəzza xərclərini ikinci plana atır. Gəlirləri aşağı ölkələrin qoşulması, Şuranın prestiji ilə bağlıdır. Azərbaycanın Trampın Şurasına qoşulmaması ABŞ ilə strateji dialoqu gücləndirməkdə və BMT çərçivəsində dəstək almaqda risklər yarada bilər. Bütün bunlar da qorxulu deyil.
Proseslərin inkişafını nəzərə alaraq rəsmi Bakı bu məsələyə cavabını yubada və 2026-2027-ci illərdə Qəzzada sülhün irəliləməsi fonunda həlledici mövqeyini formalaşdıra bilər".
Cavanşir ABBASLI
Musavat.com






