İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “yeni BMT”si, Duqinin hədəsi

1772 20.01.2026 16:09 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyana da dəvət göndərib. Ondan Qəzza ilə bağlı Sülh Şurasına qoşulmağı rica edib. Paşinyan artıq dəvəti qəbul edib.

Artıq o da bəllidir ki, Şurada təmsil olunacaq ölkələr qurumun hesabına nə az nə çox, 1 milyard dollar üzvlük haqqı keçirməlidir. İmkansız dövlətlər bunu 3 il ərzində edə bilər. Siyasi müşahidəçilər isə Tramplin bu yeni, bir qədər də ekzotik ideyasında konfliktlərin həllində dişsiz quruma çevrilmiş BMT-yə alternativ axtarışı istəyini sezməkdədir...

Biz erməni işğalı dövründə BMT nəyə qadir olduğuna, lap dəqiqi, bir iş görə bilmədiyinə əyani şahidlik eləmişik. Təhlükəsizlik Şurasının (TŞ) Qarabağa dair 4 məlum qətnaməsi elə həmin TŞ-nin üç daimi üzvü – sənədlərə səs vermiş Rusiya, ABŞ və Fransanın heyrətamiz laqeydliyi və ermənipərəst mövqeyi nəticəsində illərlə kağız üzərində qaldı. Təcavüzkar Ermənistana heç bir sanksiya tətbiq edilmədi. Əksinə. Ta ki müzəffər Ordumuz qətnamələri həyata keçirənədək. BMT TŞ-nin yeganə “əziyyəti” isə münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupuna mandat verməsi oldu ki, onun da aqibəti bəlli.

“Başına gələn başmaqçı olar”. Bu mənada BMT üçün ürəyimiz yanmasa da, formal dünya düzəni naminə Bakı bu təşkilata, həmçinin, BMT Nizamnaməsinə həmişə dözümlü və hörmətlə yanaşıb. Eyni zamanda, dünyanın ən böyük siyasi birliyinin səmərəli fəaliyyət göstərməsi üçün Prezident İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dəfələrlə orada köklü islahatlarla bağlı təkliflər veriblər. Gəl ki, böyük güclərin konyuktur maraqları və çəkişməsi islahatlara imkan vermir.

Nəticə nə ola bilərdisə, o da ortada. BMT faktiki ölü təşkilata çevrilib. Onun təməl prinsiplərini elə onu təsis edənlər tapdamağa başlayıb. Əsas da işğalçı Rusiya və təəssüf ki, indi həm də ABŞ tərəfindən. Gör vəziyyət hansı həddədir ki, rusiyalı “avrasiyaçı” yaramaz Aleksandr Duqin SSRİ dağılandan 35 il sonra (!!) özündə cəsarət taparaq, mislsiz həyasızlıqla bəyan edir ki, Güney Qafqazın və Orta Asiyanın postsovet ölkələri suveren və müstəqil ola bilməz. Sən demə, həmin ölkələr Moskvanın “həyati maraqlar zonasına” daxil imiş...

Belə getsə doğrudan da Antonio Quttereş BMT-nin sonuncu baş katib olacaq. Ola bilsin, belə daha yaxşıdır. Bəlkə ondan sonra dünyanın ağıllı rəhbərləri yığışıb bir çarə tapsınlar. Hələliksə praktik bir qurum kimi Trampın “yeni BMT”si daha məqbul və cəlbedici deyilmi? Necə deyərlər, heç olmamaqdansa, effektli bir mexanizmin olması daha yaxşı.

Azərbaycana gəlincə, əlbəttə ki, bu təlatümlü və qəliz beynəlxalq durumda bizim əsas hədəfimiz – hərbi və iqtisadi qüdrətimizi, dost-müttəfiqlərimizin sayını artırmaq, bölgədə həlledici söz sahibliyimizi saxlamaq olmalıdır. Unutmayaq, dünyada artıq hüququn gücü yox, gücün hüququ işləyir. Cəngəllik qanunları təzədən hörmətə minib.

Belə görünür ki, ən azı, yaxın bir neçə il belə olacaq. Odur ki, işimizi möhkəm tutaq, səbirli və tədbirli davranaq. Şair demişkən, dünya “başdan papaq alıb qaçan dünya”dır...

Z. SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR