ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini amerikalı sahibkar Barnuma bənzədib. APA xəbər verir ki, o, “Politico” nəşrinə müsahibəsində Volodimir Zelenksidən danışıb, onu məşhur amerikalı sahibkar Barnuma bənzədib.
“Bilirsiniz, Zelenski Putinlə ilk dəfə görüşəndə ona sadəcə iki şey istədiyini dedi: Krımın qaytarılması və NATO-ya üzvlük. O, bunu nəzakətli qaydada demədi. Bilirsiniz, o, çox əla satıcıdır. Mən onu Barnum adlandırıram. Fırıldaqçı Co Baydendən 350 milyard dollar ala bildi. Baxın, bu ona necə baha başa gəldi. Ölkəsinin 25 faizi öz əlində deyil” - Tramp bildirib.
Bəs Barnum kim olub?
![]()
Musavat.com məlumat verir ki, Amerikalı sahibkar Phineas Taylor Barnum (1810–1891) 19-cu əsrdə ABŞ-da məşhur şoumen, biznesmen və dövlət xadimi kimi tanınıb. O, əyləncə sənayesinin formalaşmasında böyük rol oynayıb və xüsusilə “Barnum & Bailey Circus” sirkinin qurucularından biri kimi məşhurdur. Barnum insanların marağından, sensasiyalara olan həvəsindən istifadə etməyi çox yaxşı bacarırdı. Onun məşhur ifadəsi var: “Hər dəqiqə bir aldadılan doğulur”.
O, öz iş strategiyasını belə ifadə edirdi: diqqət çəkmək, maraq oyatmaq, bəzən şişirtmək.
Məşhur çomen-biznesmen Nyu-Yorkda “Barnum's American Museum” adlı məşhur şou-muzey yaratmışdı və orada qeyri-adi insanlar, ekzotik heyvanlar, səhnələşdirilmiş şoular və müxtəlif “möcüzələr” nümayiş etdirilirdi. Barnum bir çox “sensasiyalı” şoular hazırlayıb. Bunların bir qismi real, bir qismi isə uydurma və ya şişirdilmiş idi. 1871-ci ildə o, sonradan dünyanın ən məşhur sirk markalarından birinə çevrilən “Barnum & Bailey” sirkini qurub. Bu sirk sonradan “Ringling Bros” ilə birləşərək ABŞ-ın ən böyük sirkinə çevrilmişdi.
Barnum həm də siyasətlə məşğul olub, hətta Konnektikut ştatının qubernatoru və Meriden şəhərinin meri seçilib.
O, həm mübahisəli fiqur, həm də marketinq dahisi kimi xatırlanır. Onun həyatı əsasında 2017-ci ildə “The Greatest Showman” filmi çəkilib.
Etibar SEYİDAĞA,
Musavat.com






