İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkanın ortasında göl əmələ gəlib - İnternat məktəbi batır

631 14.01.2026 15:57 Dünya A A

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən və ölkə üzrə yüzlərlə uşağın taleyi ilə bağlı olan 6 nömrəli Respublika Xüsusi Internat Məktəbinin qarşısında göl əmələ gəlib.

Musavat.com xəbər verir ki, təhsil müəssisəsinin düz qarşısında yaranmış və artıq göl statusuna yaxınlaşan bataqlıq sırf müvafiq orqanların hərəkətsizliyindən əmələ gəlib. Sakinlər yaranmış durumun Xəzər rayon Sukanal İdarəsinin illərdir davam edən səhlənkarlığının nəticəsi olduğunu iddia edirlər. Deyirlər ki, gölün altından kanalizasiya xətti keçir. Lakin drenaj sistemi və xətt illərdir təmizlənmədiyinə görə yağış suları ərazidən axıb getmir və nəticə də göz önündədir.

İnternat məktəbi vaxtilə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində əsaslı şəkildə yenidən qurulub. Sinif otaqları, yataqxana, infrastruktur – hər şey müasir standartlara uyğunlaşdırılıb. Bu gün burada 175 sağlamlıq imkanları məhdud şagird yaşayır və təhsil alır. Məktəbin qapısına gedən yolda göl yaranıb. Bu problem nə bir günlükdür, nə mövsümidir.
İllərin yığılmış məsuliyyətsizliyidir. 1 ay öncə, Musavat.com-da “Müasir internat, qarşısında da orta əsr bataqlığı - Türkanda rəzalət - VİDEO” sərlöhvəli reportaj təqdim etmişdik.  Lakin hər hansı bir tədbir görülməyib.  Məktəb rəhbərliyi, valideynlər və Türkan sakinləri dəfələrlə Xəzər rayon Sukanal İdarəsinə müraciət ediblər. Telefon zəngləri edilib, şikayətlər yazılıb. Amma nəticə dəyişməyib. İddialara görə, idarənin rəisi David Əhəd oğlu Quliyev bu problemə uzun müddətdir reaksiya vermir. Ərazi göz önündədir, göl hamının gözü qarşısındadır. Xəzər Sukanal İdarəsi isə  Türkanın ortasında əmələ gələn gölü görmək istəmir.

Bu laqeydliyin acı nəticələri artıq özünü göstərib. Ötən il məktəblilərdən biri gölün içində düzülmüş daşların üzərində yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Söhbət sağlamlıq imkanları məhdud uşaqlardan gedir. Onlar məktəbə gəlmək üçün onsuz da hər gün fiziki çətinliklərlə üzləşirlər. İndi isə əlavə olaraq kanalizasiya gölündən “tarazlıq oyunu” oynaya-oynaya keçməli olurlar.  Bakıdan cəmi 15-20 kilometr aralıda, dövlətin xüsusi diqqətində olan bir internat məktəbinin qarşısında göl əmələ gəlirsə, Sukanal İdarəsi tədbir görmürsə, kimə tədbir görməlidir?

Məsələnin həlli də çətin deyil. Kanalizasiya xətti açılıb təmizlənsə, göl bir neçə günə yoxa çıxar.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR