Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı mövqeyini dəyişə və onları geri qaytarmağa məcbur qala bilər.
Musavat.com xəbər verir ki, bu fikirləri “Lenta.ru”ya açıqlamasında türk politoloq, Türkiyənin Moskvadakı sabiq ticarət nümayəndəsi Aydın Sezer səsləndirib. Onun sözlərinə görə, Ankara S-400 məsələsində Kremlin mümkün elastik mövqeyinə ümid edir, çünki bu sistemlər ABŞ tərəfindən Türkiyəyə qarşı ciddi təzyiq alətinə çevrilib.
Aydın Sezer bildirib ki, Türkiyənin S-400-lərdən imtina etmək istəyi bir neçə mühüm amillə bağlıdır. Bunlardan biri ABŞ iqtisadiyyatında yaranan problemlər fonunda Vaşinqtonla münasibətlərin yenidən qurulması zərurətidir. Digər əsas faktor isə prezident Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilərdə üzləşə biləcəyi siyasi risklərdir.
Politoloqun fikrincə, Ankara daxili sabitliyi qorumaq və iqtisadi vəziyyəti normallaşdırmaq üçün ABŞ-la münasibətləri yenidən “resetləməyə” məcburdur. Bu isə S-400 məsələsində geri addım atılmasını qaçılmaz edə bilər.
Sezer vurğulayıb ki, Türkiyə üçün əsas prioritet hazırkı mərhələdə Qərblə münasibətləri bərpa etmək və daxili siyasi-iqtisadi gərginliyi azaltmaqdır.
Musavat.com






