Türkiyə Futbol Federasiyası idman mərc oyunları ilə məşğul olduğu aşkarlanan 102 futbolçuya qarşı intizam tədbiri görüb.
Musavat.com xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumatda bildirilir ki, Peşəkar Futbol İntizam Qurumu “Qalatasaray”ın futbolçusu Eren Elmalının 45 günlük, Metehan Baltacının isə 9 aylıq diskvalifikasiya edildiyini açıqlayıb. "Konyaspor"un futbolçusu Ndao isə 12 aylıq cəza alıb.
Digər futbolçular da müxtəlif cəzalarla üzləşiblər.
Əvvəlki məlumatlara görə, Türkiyədə təxminən 600 futbolçu mərc işləri ilə bağlı istintaqa çağırılacaq. İş üzrə Türkiyə hüquq-mühafizə orqanları ilə birlikdə Interpol da maraq göstərib. İstintaq zamanı məlum olub ki, futbolçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən qanunsuz saytlar vasitəsilə mərc ediblər.
Bundan əvvəl "TRT Haber" xəbər vermişdi ki, Türkiyə Futbol Federasiyası (TFF) 149 peşəkar hakimi səkkiz aydan bir ilə qədər müddətə oyunlardan uzaqlaşdırıb. İstanbul Baş Prokurorluğu mərc işi ilə əlaqədar olaraq, Super Liqa klubunun prezidenti də daxil olmaqla, 17 hakim haqqında həbs qərarı verib.
Musavat.com






