Bakının nəqliyyat baxımından ən intensiv ərazilərindən biri olan Ukrayna dairəsində son vaxtlar mühüm dəyişikliklər edilib. Dairə genişləndirilib, yol nişanlarının sayı artırılıb, piyada keçidləri yenilənib. Görülən işlər piyadaların təhlükəsizliyini artırsa da, bəzi sürücülər bu ərazidə işıqforların quraşdırılmasını zəruri hesab edirlər.
Musavat.com-un əməkdaşı ərazidə müşahidə aparıb, sakinlər və sürücülərlə söhbətləşib. Sakinlər bildirirlər ki, bu dəyişikliklər gündəlik hərəkəti xeyli rahatlaşdırıb:
Səidə Quliyeva bildirib ki, əvvəllər buradan keçmək çox çətin idi, maşınlar dayanmırdı, indi isə keçidlər çəkildiyi üçün rahatlıq var: “Sürücülər piyada keçidlərində dayanırlar, daha diqqətlidir. Düzdür, pik saatlarda avtobusda ikən tıxac yaranır, amma piyada kimi şəraitdən razıyam”.
Mövlanə Abıyeva da təsdiq edib ki, yol nişanları artıb deyə daha təhlükəsiz hiss edir: “Yaxınlıqdakı parka gediş-gəliş rahatlaşıb. Əvvəllər yolu bir neçə yerdən keçmək lazım idi, həm də keçidlərə qədər məsafə çox idi, qaranlıq vaxtı qorxurduq. İndi keçidlərdən istifadə edərək rahat şəkildə gedirik”.
Arzu Allahverdiyeva isə hesab edir ki, xüsusilə yaşlılar və uşaqlar üçün şərait yaxşıdır: “Əvvəllər özüm yanlarında olmayanda uşaqlara görə narahat idim. Anam da uşaqları gəzməyə çıxaranda rahat olmurdum. Bir neçə dəfə bu yolda piyada vurulduğunu eşitdiyim üçün narahatlıq keçirirdim. İndi isə keçidlər göz qabağındadır. Böyük oğlum da artıq yolu rahat keçir”.
Razi Nuriyev isə bildirib ki, şəraitdən razı olsa da, hələ də tələskən sürücülər var: “Piyada keçidində iki zolaq var deyə yola baxa-baxa keçirəm, bir də görürsən, sürücü siqnal verir, çox hövsələsiz adamlar var. Amma şərait əvvəlkindən qat-qat yaxşıdır”.
Gülər Rzayeva isə yaxınlıqdakı dükanlardan birində işləyir, o deyir ki, axşam işdən gec çıxanda qaranlıq olur, amma işıqlandırma normaldır, keçidi rahat tapmaq olur.
Şərait piyadaların ürəyincə olsa da, sürücülərin bir qismi hesab edir ki, dairədə işıqforların olmaması müəyyən saatlarda tıxac və qarışıqlıq yaradır.
Ərazidə taksi sürücüsü işləyən Orxan Eyyubov deyib ki, səhər və axşam pik saatlarında hərəkət çətinləşir: “İşıqfor olsa, axın daha nizamlı olar. Düzdür, əvvəllər burada qəza çox olurdu, indi nisbətən azalıb. Amma hərtərəfli düşünmək lazımdır. Əvvəllər Rahib Məmmədov küçəsindən dairəyə 1 dəqiqəyə düşürdük, indi pik saatlarda tıxacda qalırıq. Buna necəsə çarə tapmaq lazımdır”.
Möhsün Hüseynov isə bildirib ki, dairədə hərəkət qaydalarını bilməyən sürücülərin ucbatından bəzən hərəkət tıxanır: “Nişanlama xətləri çəkilib, dairədə hərəkət üçün hər şey aydındır. Bu qədər nişanı ona görə qoyublar ki, avtobuslar da, biz də rahat sürək, amma naşı sürücülər problem yaradırlar. Bəziləri isə bilərək, qabağa düşmək üçün digər sürücülərin yoluna çıxırlar, buna görə bəzən xaos yaranır”.
Avtobus sürücüləri isə ümumi şəraitdən razı olsalar da, bəzi təklifləri var:
Həmid Rəsulovun fikrincə, müəyyən saatlarda işləyən işıqfor quraşdırıla bilər: “Axşamlar, 5-dən sonra tıxac başlayır. Onsuz da pik saatlarda çox yerdə tıxac olur. Əvvəllər burada çox tıxac olmazdı. Amma aylardır vəziyyət budur”.
Ceyhun Yusifov isə bildirib ki, qaydalar var, amma hamı əməl etmir: “İşıqfor nəzarəti artırar. Üzü Əhmədliyə gedən yolda qoyulsa, bəlkə tıxaca təsiri olar”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Musavat.com-a açıqlamasında bildirib ki, hərəkət axınları davamlı nəzarətdə saxlanılır: “İşıqforların quraşdırılması ilə bağlı müzakirələr aparılır. Qeyd edək ki, “Ukrayna dairəsi”ndə müşahidələr aparılır və görülən işlər nəticəsində dairədə təhlükəsizlik səviyyəsi ciddi şəkildə artırılıb”, - deyə o qeyd edib.
Nigar Həsənli,
Fotolar müəllifindir
Musavat.com






