“Donald Trampın ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasına etdiyi düzəlişlər əsasən Moskvanın baxışlarına uyğundur. Rusiya ümid edir ki, bu, Vaşinqtonla Ukrayna nizamlanması üzrə gələcək konstruktiv əməkdaşlığa yol açacaq”.
Ötən gün bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə şərhində deyib.
Peskovun açıqlaması Rusiya tərəfinin Tramp administrasiyasına ümid bağladığını göstərirmi, yoxsa bu, sadəcə diplomatik jestdir? Rusiya yaxın gələcəkdə ABŞ ilə dialoqu bərpa etmək üçün hansı addımlar atmağa çalışa bilər?
![]()
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:
“Göründüyü kimi, ABŞ administrasiyasının təmizlədiyi Təhlükəsizlik Strategiyasında Rusiyaya yer verilir. NATO ilə əməkdaşlıq prioritet sayılmır və Avropayla əlaqələr aşağı səviyyəyə salınır. ABŞ administrasiyasının hazırladığı bu konsepsiya Rusiyanın Ukraynada sülh prosesindən uzaqlaşmağa və digər tələblər irəli sürməsinə gətirib çıxaracaq. Həmçinin hərbi əməliyyatlarını davam etdirməklə Avropanı təhdid etməsinə gətirib çıxarır”.
Politoloq qeyd edib ki, NATO-nun genişlənməməsini özündə ehtiva edən sənəd birbaşa Moskvanın istəyidir:
“Məhz Rusiya NATO Cənubi Qafqaz və Mərkəzi Asiyaya genişləndirilməsinin əleyhinədir. Həmçinin məlum strategiyada Ukraynanın növbəti illərdə NATO qəbuluna veto qoyur. Göründüyü kimi, bu Təhlükəsizlik Strategiyası Uitkoff tərəfindən işlənib və Moskvanın istəklərinin bir qismi qeyd edilib. Məhz Rusiya 2021-ci ildə Qərbə ultimatum verəndə NATO postsovet məkanına genişlənməməsini tələb etmişdi.
Həmçinin beynəlxalq geosiyasi nizamda Rusiyanın mövqeyinin qəbul edilməsini tələb etmişdi.
Proseslər onu göstərir ki, Donald Tramp və komandası daha çox Rusiya ilə strateji tərəfdaşlıq qurmaq siyasətində maraqlıdır. Bunun qarşısını alan Ukrayna müharibəsi və başda Böyük Britaniya olmaqla Avropa İttifaqıdır. Rusiya müharibəni davam etdirdikcə, ABŞ-Rusiya əməkdaşlığı alınmayacaq”.
Xalidə Gəray
Musavat.com






