ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens demokratların çıxışlarına baxmazdan əvvəl pivə içməyi tövsiyə edib. “Konqresdə istənilən demokratın çıxışına baxın. Bacarsanız, sona qədər izləyin. Ola bilsin, əvvəlcə bir-iki bokal yaxşı Viskonsin pivəsi için və özünüzü hazırlayın”, – deyə Vens bildirib.
Yüksək vəzifəli dövlət adamlarının və böyük nüfuza sahib şəxsiyyətlərin bəyanat və çıxışlarında hansısa məhsulun adını çəkməyinin həmin məhsulun ictimai diqqət mərkəzinə gəlməsinə səbəb olduğu və dolayısı ilə reklamına işlədiyi dünya praktikasında vaxtaşırı rast gəlinəndir. Məsələyə bu prizmadan yanaşdıqda ABŞ vitse-prezidentinin “Demokratların çıxışlarına baxmazdan əvvəl pivə Viskonsin pivəsi için” deməsi dolayısı ilə olsa da, Viskonsin pivəsini dünyada daha çox tanıtmış oldu. Artıq dünya mediasında adı çəkilən pivə haqda araşdırma yazılar verilməkdədir.
Vensin ifadəsi reklam sayıla bilərmi?
Reklam ekspertlərinin fikrincə, Ceyms Vensin açıqlaması hüquqi baxımdan reklam deyil, psixoloji və simvolik olaraq Viskonsin pivəsinin daha geniş miqyasda tanınmasına işləyə bilər. Əgər vitse-prezident konkret brend adı çəkməyibsə və sadəcə, “Viskonsin pivəsi” deyibsə, bu rəsmi reklam hesab olunmur, amma dolayı tanıtım effekti yarada bilər. Bu cür ifadələr marketinqdə “earned media” adlanır, yəni, ödənişsiz, amma diqqət yaradan reklam effekti.
Əgər o, məsələn konkret olaraq New Glarus Brewing Company və ya Miller Brewing Company kimi marka adı çəksəydi, bu artıq açıq kommersiya təbliğatı kimi qiymətləndirilə bilərdi.
Vitse-prezidentin ifadəsi pivənin real satışlarını qısa müddət üçün çoxaldacaq. Artıq bu açıqlama sosial medianın Amerika və Avropa seqmentində trend yaradıb, “Wisconsin beer” axtarışlarını artırımaqdadır. Lakin ekspertlərə görə, uzunmüddətli satış artımı üçün bu cür siyasi sitatlar adətən kifayət etmir.
“Wisconsin beer” markasının istehsalı edildiyi Wisconsin ABŞ-da pivə istehsalı ilə ən çox assosiasiya olunan ştatlardan biridir. Alman immiqrant ənənəsinə əsaslanan güclü yerli pivə zavodları şəbəkəsi burada yerləşir. Ştatın mərkəzi Milwaukee şəhəri tarixən ABŞ-ın pivə paytaxtı sayılır. Ştatda yüzlərlə böyük, kiçik, müstəqil pivə zavodu fəaliyyət göstərir. Hər il çoxsaylı pivə festivalları keçirilir.
Etibar Seyidağa,
Musavat.com






