Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Ermənistanla sülh prosesi, bölgədəki geopolitik durum, ölkədaxili siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Musavat.com xəbər verir ki, Siyasi Şurada eyni zamanda “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Milli Məclisdə keçirilmiş konfrans zamanı VHP-dən olan millət vəkili Rafael Hüseynovun partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsib, onun fikrini tamamlamasına imkan yaratmaması ilə bağlı rayon təşkilatlarından və partiya fəallardan daxil olan müraciətlər müzakirə edilib.
Bildirilib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir. Siyasi Şura üzvləri məsələ ətrafında çıxış edərək bildiriblər ki, VHP sədri Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətində yüksək ictimai-siyasi, ziyalı mövqeyi, nəzərə alınmadan atılan bu addım həm partiyanın nüfuzuna, həm də ümumilikdə siyasi mədəniyyətə xələl gətirir. Milli Məclisin Terminologiya Komitəsinin üzvü, Azərbaycan Dil Qurumunun Başqanı, partiya sədri və Xalq Şairi olmaqdan əlavə bütün ömrünü dilimizin qorunmasına sərf etmiş Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir.
Partiya sədri Sabir Rüstəmxanlının bu məsələ ilə bağlı mövqeyi və R.Hüseynovun mətbuata açıqlamasında partiya sədrinə qarşı münasibətini bildirməsi nəzərə alınıb. Siyasi Şura məsələnin Mərkəzi Nəzarət Təftiş Komissiyasında müzakirə olunaraq partiyadaxilində həllini tapdığını və uzun illər Azərbaycan siyasi sistemində monolitliyi ilə seçilən Vətəndaş Həmrəyliyi Partiyasının adının qalmaqalda hallanmasının yolverilməzliyini nəzərə alaraq bu məsələni qapanmış hesab edir. Eyni zamanda VHP-dən olan millət vəkili Rafael Hüseynova bundan sonra bu kimi məqamlarda partiya mənsubiyyətini diqqətə alması və bir daha belə hallara yol verilməməsi tapşırılıb.
Cavanşir ABBASLI,
Musavat.com






