İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran münaqişəsi Azərbaycan üçün faydalıdır? – Vəziyyət belə davam edərsə...

1279 20.07.2026 17:05 Gündəm A A

“Qısa fasilədən sonra və Yaxın Şərqdə artan gərginlik fonunda bəşəriyyət tarixindəki ən böyük enerji böhranı yenidən başlayır”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X hesabında qeyd edib.

Xüsusi nümayəndə iddia edir ki, enerji böhranından ən çox Avropa Birliyi (AB) və Böyük Britaniya əziyyət çəkəcək.

NEFTO.jpeg (69 KB)

Reuters isə yazır ki, hazırda dünyada əsas problem neftin çatışmazlığı deyil, emal gücünün yetərsizliyidir. Belə ki, ABŞ-İran münaqişəsi zamanı İranın Körfəz ölkələrində emal zavodlarına vurduğu zərər hələ tam aradan qaldırılmayıb. Hazırkı münaqişə analoji zərbələrə qədər kəskinləşməsə, bu proses ilin sonunadək vaxt apara bilər.

Ukraynanın uğurlu zərbələri dünyanın ən böyük neft məhsulları istehsalçılarından biri ilan Rusiyada emal gücünün 40 faizə yaxınının itirilməsinə gətirib çıxarıb. Bir çox zavodlarda emalın bərpası illərlə vaxt tələb edəcək – əgər Ukrayna zərbələri davam etməsə. Sonuncunun baş verməsi isə real görünmür.

Bundan əlavə, Çin baha neft idxalını azaltmaq üçün emalı azaldıb. Nəticədə, ən böyük neft istehlakçısı olan ölkə yanvar-iyun aylarında xam neft idxalını 11,4 faiz azaldıb.

ABŞ-dakı emal zavodları pik gücləri ilə işləyirlər – mövsümi tələbat artımını təmin etmək üçün. Bu, ABŞ-ın gündəlik neft ixracını apreldəki 14,2 milyon bareldən 10,7 milyon barelə qədər azaldıb. Digər tərəfdən, ABŞ-da həm dövlət, həm də kommersiya neft ehtiyatları 1984-cü ildən bəri ən aşağı səviyyəyə enib.

AVROPA İTTİFAQI.jpg (101 KB)

Avropa İttifaqında da neftin bahalaşması ilə emalın xərci kəskin artıb. Analitiklərə görə, ilin birinci yarısında mövcud ehtiyatlar hesabına bu xərcin istehlakçılara tam ötürülməsi prosesindən qaçmaq mümkün olub. Lakin Hörmüzdəki böhran davam edərsə, ikinci yarımildə emal xərclərindəki artım istehlakçıya ötürüləcək ki, bu da ümumi inflyasiyanı kəskin artırmaqla yanaşı, emal məhsullarına tələbatı da azalda bilər.

TB7srEX2plp8hx15jVEPVl36jSH6C9WHFSZmBR64_1200.jpg (164 KB)

Asiyada da bahalı neft emalın azaldılmasına gətirib çıxarıb, region dövlətləri daxildə inflyasiyanın sürətlənməsindən qaçmaq üçün istehlakı azaldırlar.

Beləliklə, emal güclərinin azalması, xərcinin artması qlobal iqtisadiyyatda durğunluq və tənəzzülə gətirəcək qədər ciddi problemə çevrilməkdədir. Bu isə son nəticədə neftə tələbatı daha da azaltmaqla enerji sektorunun tənəzzülünə səbəb ola bilər.

x2qdR6dFYD5G1dhzx32BSAczFMIG1JVdMQ0mU4Ff_1200.jpg (199 KB)

Qlobal analitik mərkəzlərə görə, ABŞ-İran münaqişəsi dünyada indiyədək görünməyən enerji təhlükəsizliyi problemi yaradıb. Və bu problemi həll etmək üçün ölkələr daha sürətlə alternativ mənbələrə keçməyə çalışacaqlar.

Beynəlxalq Enerji Agentliyinə görə, neft-qazın bahalaşması Körfəz ölkələrindən Hörmüzdənkənar yollarla enerji ixracı yollarının tapılmasından daha çox ölkələrin bərpa olunan mənbələrdən istifadəyə yönəlməsini stimullaşdıracaq. Bu baxımdan Pakistanın nümunəsi dünyada diqqət mərkəzindədir: 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu başlandıqdan sonra enerji qiymətlərinin kəskin bahalaşması, qaz çatışmazlığı Pakistanın alternativ mənbələrdən enerji istehsalını böyük sürətlə artırmasına səbəb oldu. Hazırda Pakistanın enerji təminatında bərpa olunan mənbələrin payı qaz idxalından asılılığı minimuma endirəcək həddə qədər yüksəlib. 2025-ci ilin yekununda ölkənin istehlak etdiyi enerjinin 20,3 faizi bərpa olunan mənbələrdən əldə edilib. Pakistan hökuməti bununla kifayətlənmək niyyətində olmadığını, 2030-cu ilədək enerji təminatının 30 faizə qədərinin bərpa olunan mənbələrə keçirəcəyini elan edib, hazırda bu istiqamətdə böyük layihələr icra olunur.

BEA-ya görə, Yaxın Şərqdən neft tədarükünün azalması "qlobal enerji xəritəsini yenidən çəkəcək". Agentliyin rəhbəri Fateh Birol bildirir ki, dünya bir daha heç vaxt münaqişədən əvvəlki enerji düzəninə qayıtmayacaq.

ABŞ-ın Donald Trampın başçılığı latında yeni rəhbərliyinin enerji keçidi siyasətindən imtina etməsinə baxmayaraq, getdikcə daha çox ölkə mümkün enerji böhranlarına qarşı dayanıqlı olmağın əsas yolunun alternativ enerji istehsalından keçdiyi qənaətinə gəlirlər. Bu isə bütün dünyada belə enerji istehsalına investisiyaları görünməmiş sürətlə artırır.

TRAMPP.jpg (91 KB)

Beynəlxalq Valyuta Fonduna görə, Yaxın Şərqdəki münaqişə neft idxalından asılı olan aşağı gəlirli ölkələr üçün qısamüddətli dövrdə ciddi problemlər yaradacaq. Fondun hesablamasına əsasən neft tədarükünün gələn ilə qədər uzandığı ən pis ssenaridə qlobal iqtisadi artım 2 faizə qədər geriləyə bilər.

Beynəlxalq Böhran qrupuna görə neft, ABŞ-İran qarşıdurmasında Hörmüz boğazının daimi açılmasına gətirib çıxaracaq əhəmiyyətli bir dəyişiklik olmazsa, emal olunmuş məhsul və mayeləşdirilmiş təbii qaz bazarları bu payız artan gərginliklə üzləşəcək.

Bildirilir ki, əgər yenidən qızışan münaqişə enerji infrastrukturundan daha çox gəmiçiliklə məhdudlaşarsa, sentyabrdan ilin sonunadək təsir göstərməyə başlayacaq zəif böhran mümkündür. Hörmüzdənkənar ixrac yolları — Səudiyyə Ərəbistanının Yanbuya Şərq-Qərb boru kəməri, BƏƏ-nin Fujayra boru kəmərləri, İraqdan Suriya Türkiyə ərazisi ilə ixrac pozulmasa, neft qiymətləri 80-85 dollar arasında qalacaq.

2027-ci ilin əvvəlindən BƏƏ-nin yeni boru kəmərinin işə salınması, İraqdan, Qazaxıstandan ixracın artması qiymətləri bir qədər aşağı sala bilər.

Beynəlxalq Böhran Qrupu da hesab edir ki, İranın Hörmüz kartından aşırı istifadəsi boğazdan yana keçən nəql imkanlarının daha sürətlə genişlənməsi, qlobal səviyyədə neftdən bərpa olunan mənbələr hesabına imtinanın daha da sürətlənməsi nəticəsində elə Tehranın özünə zərər verəcək.

Yaxınmüddətli dövrdə ABŞ-ın Rusiya neftinə sanksiyalara yenidən ara verməsi dünya bazarında qiymətlərin daha kəskin artmasının qarşısını ala bilər. Məlumdur ki, iyundan bəri ABŞ sanksiyalardan azadolma müddətini uzatmayıb, nəticədə Bloomberg-in məlumatına görə, dənizlərdə 135 milyon bareldən çox Rusiya nefti toplanıb. ABŞ-ın yeni istisna qərarı olarsa, bu həcm qiymətləri sabit saxlamaq üçün böyük potensial kimi qiymətləndirilir.

ABŞ-İran münaqişəsinin dünya enerji bazarında səbəb olduğu qiymət artımı iqtisadiyyatı neft gəlirlərindən asılı olan Azərbaycan üçün müsbət amilə çevrilib. Belə ki, ölkədə neft hasilatı və ixracı sürətlə azalır.

Energetika Nazirliyinin məlumatına əsasən 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır.

d6bc5bce-4892-329f-9555-1672f9ecaca7_1200.jpg (271 KB)

Hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(2025-ci ilin birinci yarısında 8 milyon ton), 1,7 milyon tonu “Şahdəniz”in(1,9 milyon ton), 0,3 milyon tonu “Abşeron” yatağının(dəyişməyib) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton(3,5 milyon ton) təşkil edib.

İlin birinci yarısında Azərbaycan 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac edib ki, bu da illik ifadədə 8,5 faiz azalma deməkdir. İxrac olunan neftin 9,5 milyon tonu konsorsiumun(9,9 milyon ton), 0,7 milyon tonu SOCAR-ın(1,4 milyon ton), 0,3 milyon tonu isə JOCAP-ın(dəyişməyib) payına düşüb.

İlin birinci yarısında SOCAR-ın neft ixracındakı azalma hasil olunan neftin daha çox hissəsinin emala yönəldilməsi ilə bağlıdır. Belə ki, bu ilədək SOCAR Rusiyadan neft alaraq emala yönəldir, öz neftini isə ixrac edirdi. Lakin Avropa İttifaqının Rusiya neftindən emal olunan məhsulların öz ərazisinə idxalını qadağan etməsindən sonra SOCAR Rusiyadan neft alışını minimuma endirib. Bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan  Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının idxalı miqdar baxımından 602874 tondan 64 632,31 tona, dəyər baxımından isə 293 milyon 832,89 min dollardan 33 milyon 667,91 min dollara qədər azalıb.

İxracın azalmasına baxmayaraq, qiymətlərin yüksəlməsi Azərbaycanın neft gəlirlərində kəskin azalmanın qarşısını alıb. Bu baxımdan, yüksək neft qiymətləri qısa və ortamüddətli dövrdə ölkəmiz üçün faydalı proses kimi qiymətləndirilir. Lakin ABŞ-İran münaqişəsinin daha da kəskinləşərək enerji qiymətlərini yenidən 100 dolların üstünə qaldırması və bu vəziyyətin uzun müddət davam etməsi qlobal iqtisadi böhran, tənəzzül və neftə tələbatı kəskin azaltmaqla Azərbaycan üçün çox ciddi problemlərə səbəb ola bilər.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR