Ermənistanın kilsə həyatında son ayların ən böyük qalmaqalı - arxiyepiskop Arşak Xaçatryanla bağlı yayılan intim videolar - təkcə şəxsi reputasiya məsələsi deyil, həm də kilsə-siyasət münasibətlərinin yeni təbəqəsini açıb. İnternetdə dolaşan kadrlarda olduğu iddia edilən görüntülər cəmiyyətdə sarsıntıya səbəb olub. Hazırda bir qrup ruhani onun Eçmiədzindən uzaqlaşdırılması, səlahiyyətlərinin dondurulması ilə bağlı müraciət yayıb.
Xaçatryan erməni keşişlərinin rəhbəri II Qareginin aparat rəhbəri vəzifəsini daşıyır.
Musavat.com xəbər verir ki, Arşak Xaçatryan mətbuat konfransı keçirib.
Xaçatryan həmin görüntüləri rədd edib, onları “böhtan və montaj məhsulu” adlandırıb. Amma diqqət çəkən odur ki, o, ittihamların mərkəzində olduğu halda mövzunu şəxsi əxlaq çərçivəsindən çıxarıb siyasi müstəviyə daşıyıb.
Arşak Xaçatryan videolarla bağlı suallardan daha çox Paşinyana hücum çəkib. Onun mətbuat konfransında səsləndirdiyi fikirlər isə siyasi mitinq nitqini xatırladıb:
“2020-də biz “artsaxı” (ermənilərin Qarabağın işğal altında olduğu illərdə bölgəyə qoyduqları uydurma ad - red) itirdik. Cəmiyyət bölündü. Hakimiyyət getməlidir”.
Buradan görünür ki, Xaçatryan özünü müdafiə etməklə kifayətlənmir - o, eyni zamanda “hakimiyyəti devirən” ritorikanın içinə daxil olur. Revanşist siyasi xəttə sığınması isə daha çox reputasiya xilas cəhdi təsiri bağışlayıb.
Musavat.com






