Sabah, aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Orxan İsmayılovun sədrliyi ilə Yasamalda “RR Constructions” MMC-nin qanunsuz hərəkətlərindən və mülkiyyət hüququnun tapdanmasından şikayətçi olan vətəndaş Cavid İsmayıl oğlu İsmayılovun şikayətinə baxılacaq.
Musavat.com xəbər verir ki, Cavid İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin tikinti şirkətinin qanunsuz hərəkətlərinə göz yummasına etiraz edir.
Mübahisə ünvanı paytaxtın Yasamal rayonu, Hüseyn Cavid küçəsi, ev 19-dadır. Vətəndaş Cavid İsmayılova məxsus mənzili ələ keçirmək istəyən tikinti şirkəti ilə mülkiyyətçi arasındakı münaqişə artıq məhkəmə müstəvisindən çıxaraq ölkə rəhbərliyinin diqqətinə çatdırılıb.
Mülkiyyətçinin redaksiyamıza daxil olan müraciətindən məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2022-ci il tarixli sərəncamı ilə sözügedən ərazidə tikinti aparmaq səlahiyyəti “RR Constructions” MMC-yə verilib. Sərəncamda sakinlərlə münasibətlərin qarşılıqlı razılıq və bazar dəyərinə uyğun kompensasiya əsasında tənzimlənməsi tapşırılsa da, şirkət tamamilə fərqli bir yol seçib.
Cavid İsmayılov bildirir ki, şirkət ədalətli kompensasiya vermək əvəzinə onu və ailəsini dözülməz şəraitdə yaşamağa məcbur edir:
“Evimin sökülməsi üçün mənəvi-psixoloji təzyiqlər olunur, mülkiyyətimi dəyər-dəyməzinə əlimdən almaq istəyirlər”.
Bu məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsi 28 aprel 2025-ci il tarixdə vətəndaşın xeyrinə qərar çıxarıb. Məhkəmə mübahisəli inzibati aktın vətəndaşın hüquqlarına toxunan hissəsini qanunsuz hesab edib. Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti bu qərardan apellyasiya şikayəti verməsə də, tikinti şirkəti inadkarlıq nümayiş etdirərək işi Bakı Apellyasiya Məhkəməsinə daşıyıb.
Şikayətçi dövlət başçısına müraciətində apellyasiya mərhələsində işə kənar müdaxilələrin ola biləcəyindən ciddi narahatlığını ifadə edib. O, şirkətin arxasında dayanan bəzi vəzifəli şəxslərin məhkəmənin gedişatına təsir etməyə çalışdıqlarını da deyir.
Bakı İnzibati Məhkəməsinin hakim Miminat Hacıbəyovanın sədrliyi ilə çıxardığı 10 mart 2025-ci il tarixli qərardad “RR Construction” MMC-nin vətəndaş Cavid İsmayılova qarşı həyata keçirdiyi qanunsuz hərəkətləri hüquqi müstəvidə təsdiqləyib. Məhkəmə tərəfindən yerində keçirilən baxış zamanı rəsmən müəyyən edilib ki, vətəndaşın xüsusi mülkiyyətində olan mənzil tikinti şirkəti tərəfindən qanunsuz olaraq hasara alınıb və mülkiyyətçi öz evinə yalnız mühafizəçinin icazəsi ilə daxil ola bilir.
İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən, məhkəmə mövcud vəziyyətin iddiaçının hüquqlarını bərpaolunmaz dərəcədə çətinləşdirəcəyini nəzərə alaraq, müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edib. Qərara əsasən, işə mahiyyəti üzrə baxılıb qurtaranadək sözügedən ünvanda tikinti işləri dərhal dayandırılmalı və vətəndaşın öz mənzilinə maneəsiz girişi “RR Construction” MMC tərəfindən təmin edilməlidir. Məhkəmənin “dərhal icra olunmalıdır” tələbinə baxmayaraq, şirkətin hələ də özbaşınalığı davam etdirməsi işin ciddiyyətini daha da artırır.
Cavid İsmayılov şikayətində şirkətin qanunsuz söküntü cəhdlərinin qarşısının alınmasısını istəyir. Bildirir ki, məhkəmə yekun qərar vermədən onun mülkiyyətinə müdaxilə olunur. Cavid İsmayılov Azərbaycan Respublikası Konstitusiyasının 29-cu (Mülkiyyət hüququ) və 60-cı (Hüquq və azadlıqların məhkəmə müdafiəsi) maddələrini xatırladaraq, dövlət başçısından bu işin xüsusi nəzarətə götürülməsini xahiş edib.
“Mən imtiyaz yox, sadəcə qanunun aliliyini və mülkiyyət hüququmun qorunmasını istəyirəm. Şirkət mülkiyyətimi almaq istəyirsə, bunu təhdidlə yox, halallıq prinsipi və ədalətli qiymətlə etməlidir”, - deyə şikayətçi vurğulayır.
Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurasına da rəsmi müraciətlər ünvanlanıb. Yasamaldakı bu mülkiyyət davasının necə yekunlaşacağı və dövlət qurumlarının tikinti şirkətinin özbaşınalığına necə reaksiya verəcəyi ictimaiyyətin diqqət mərkəzindədir.
E.Məmmədəliyev,
Musavat.com






