İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yatmış ayı” mesajı: Lukaşenkonun Ukraynaya çağırışının arxasında bu qorxular dayanır

525 17.12.2025 17:15 Gündəm A A

Belarus prezidenti Aleksandr Lukaşenkonun son açıqlaması diqqət çəkib. Belə ki, Lukaşenko Rusiya ilə qonşu olan Ukraynaya məsləhət verib.

O, “Newsmax TV”yə açıqlamasında deyib:

“Mən sizə köhnə siyasətçi kimi deyirəm. Əgər yatmış ayının yanında yaşayırsınızsa, onu oyatmayın, normal münasibət tapın”.

Aleksandr Lukaşenkonun bu açıqlaması sadə məsləhət formasında səslənsə də, arxa planında çoxqatlı siyasi mesajlar və maraqlar dayanır. O da məlumdur ki, onun “yatmış ayını oyatmayın” ifadəsi birbaşa Rusiyanı nəzərdə tutur və Ukraynaya yönəlik həm xəbərdarlıq, həm də dolayı ittiham xarakteri daşıyır.

Bəs Lukaşenkonun bu açıqlaması nəyə hesablanıb?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg (68 KB)

Politoloq xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Belarus prezidenti Aleksandr Lukaşenko özünü vasitəçi kimi təqdim etmək istəyirdi:

“Çünki o, bu müharibənin Belarus üçün ciddi mənfi nəticələr doğura biləcəyini əvvəlcədən anlayırdı. Bir tərəfdən Rusiya Belarusa açıq və gizli təzyiqlər göstərirdi ki, Minsk Moskvanın yanında yer alsın və onu açıq şəkildə dəstəkləsin. Digər tərəfdən isə bu mövqe Lukaşenko üçün olduqca riskli idi. Çünki Belarus cəmiyyətində, xalq arasında bu müharibəyə münasibət mənfidir: belaruslar Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləmirdilər və indi də dəstəkləmirlər. Məhz bu səbəbdən Lukaşenko müharibənin ilk mərhələsində ehtiyatlı davranmağa, açıq şəkildə tərəf tutmamağa çalışırdı. Sonrakı mərhələdə isə o, formal olaraq Rusiya prezidentinin yanında yer alsa da, əslində bu müharibənin əleyhinə olan mövqedə qaldı. Yəni Lukaşenkonun davranışı ziddiyyətlidir: zahirdə Kremlə yaxınlıq nümayiş etdirir, daxilən isə bu müharibənin Belarus üçün təhlükəli və yanlış olduğunu anlayır. Lukaşenkonun son açıqlamaları da məhz bunu təsdiqləyir”.

Politoloqun fikrincə, onun “yatmış ayını oyatmamaq” barədə dedikləri əslində Rusiyadan çəkinməsinin və bu güc faktorunu hamıdan yaxşı dərk etməsinin göstəricisidir:

“Belarus iqtisadi və siyasi baxımdan Rusiyadan son dərəcə asılı vəziyyətdədir. Enerji resursları, maliyyə dəstəyi, təhlükəsizlik məsələləri Minsk üçün həyati əhəmiyyət daşıyır. Lukaşenko çox yaxşı bilir ki, əgər o, açıq şəkildə Rusiyanın, daha dəqiq desək, Putinin əleyhinə çıxsa, bunun ağır nəticələri olacaq və Kreml onu cəzalandırmaq imkanına malikdir. Məhz buna görə də Lukaşenko sözdə Rusiyanın yanında dayanmağa məcburdur. Bu, onun könüllü seçimi yox, siyasi və geosiyasi reallıqlardan doğan məcburiyyətdir.

Ukraynaya verdiyi “məsləhət” də əslində öz qorxularının və yaşadığı təzyiqlərin ifadəsidir: Rusiya ilə davranışda ehtiyatlı olmaq çağırışı edir. Ancaq Ukrayna artıq bu mərhələni geridə qoyub. Ölkə işğala məruz qalıb və mövcud vəziyyətdə onun üçün söhbət ehtiyatdan yox, müdafiə və mübarizədən gedir. Lukaşenko isə bu prosesdə ilk növbədə öz hakimiyyətini və Belarus xalqını qorumağa çalışır. Ona görə də bu mövqedə dayanır, balans siyasəti aparmağa cəhd edir.

Bununla belə, aydındır ki, o, daxilən Putinin apardığı siyasəti dəstəkləmir və bu işğalçı müharibənin yanlış olduğunu anlayır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR