Rusiya Ermənistan hakimiyyətinin insanları “Rusiyanın təsir agenti” kimi tanımaq üçün hansı meyarlardan istifadə etdiyini anlamadığını bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarovanın sözlərinə görə, Ermənistanın səlahiyyətli qurumları müxalif mövqedə olan siyasi və ictimai xadimlər arasında guya “Rusiya təsir agentləri” axtarışı aparır. Moskva isə bu prosesin hansı prinsiplərə əsaslandığının aydın olmadığını bildirir.
“Biz Ermənistanın müvafiq qurumlarının istənilən müxalif fikirli siyasi və ictimai xadim arasında hansısa ‘Rusiya təsir agentləri’ axtarmasını müşahidə edirik. Məndə sual yaranır: onları hansı meyarlarla müəyyən edirlər? Bunlar ikitərəfli münasibətlərin inkişafını müdafiə edənlərdir? Axı Ermənistanın baş naziri Nikol Paşinyan özü də Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini deyir. Bu meyarlar bizə aydın deyil”, – deyə Zaxarova vurğulayıb.
Musavat.com






