Ukrayna Prezidenti Volodimir Zelenski son bir həftə ərzində ölkəsinin məruz qaldığı misli görünməmiş hücumların dəhşətli statistikasını açıqlayıb.
Musavat.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Rusiya ordusu Ukrayna şəhərlərinə qarşı bütün arsenalını işə salıb.
Zelenski sosial şəbəkə hesablarında bildiriib ki, cəmi yeddi gün ərzində Rusiya Ukraynaya 1300-dən çox zərbə dronu, 1400-dən çox idarə olunan aviabomba (KAB) və 96 ədəd müxtəlif tipli raket atıb. Hücumların əsas coğrafiyası Kiyev və ətrafı, həmçinin Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Poltava vilayətlərini əhatə edib.
Prezident vurğulayıb ki, düşmənin əsas hədəfi ölkənin energetika infrastrukturu olub. Bununla yanaşı, zərbələr nəticəsində çox sayda yaşayış binası və strateji əhəmiyyətli dəmir yolu obyektləri ciddi zərər görüb.
Hücumların insan tələfatı ilə nəticələndiyi də qeyd olunub. Kiyev vilayətinin Fastov rayonunda endirilən zərbə nəticəsində bir nəfər həlak olub. Ümumilikdə 8 nəfər, o cümlədən bir uşaq ağır yaralanıb. Zelenski bu kütləvi hücumların dayandırılması üçün beynəlxalq ictimaiyyəti daha qətiyyətli addımlar atmağa və Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirməyə çağırıb.
Musavat.com






