Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı növbəti görüşün 7–10 gün ərzində Cenevrədə keçirilməsinin mümkün olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, Kiyev yaxın vaxtlarda danışıqlar aparacaq nümayəndə heyətinin mövqelərini və mandatını müəyyənləşdirəcək.
Zelenski görüşün fevral ayında baş tutacağını gözlədiyini qeyd edib. Bu barədə o, Cenevrədə Ukraynanın danışıqlar qrupunun üzvləri ilə məsləhətləşmələrdən sonra “Telegram” kanalında paylaşım edib.
Prezident vurğulayıb ki, növbəti görüş ərəfəsində ən çətin suallarla bağlı Ukraynanın mövqeyi hazırdır:
“Danışıqlar qrupumuzun üçtərəfli formatda və ABŞ ilə növbəti görüş üçün prioritetləri müəyyən edilib. Liderlərin görüşə və komanda səviyyəsində hələ həll olunmamış məsələlərin aradan qaldırılmasına hazır olmasını təmin etmək üçün işimizi davam etdiririk. Liderlər formatı bir çox baxımdan həlledici ola bilər və Ukrayna belə bir formata hazırdır. Komanda humanitar məsələlərdə irəliləyiş üçün də şərait yaratmalıdır. Hərbi əsirlərin mübadiləsi davam etməlidir. Mübadilənin tezliklə mümkün olacağını gözləyirik”.
Zelenski Avropa tərəfdaşlarının roluna da diqqət çəkib:
“Avropalı tərəfdaşlarımızı xüsusi qeyd etmək istəyirəm. Avropa müharibəyə son qoymaq üçün çalışır və onun rolu artmalıdır. Biz addımlarımızı tərəfdaşlarımızla koordinasiya edəcəyik. Ukrayna həmişə ortaq Avropa maraqlarını müdafiə edir. Ukraynanın yanında olan hər kəsə təşəkkür edirik”.
Musavat.com






