Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində ciddi ekoloji problem yaranıb.
Bu barədə Musavat.com-a qəsəbə sakinləri müraciət ediblər.
Sakinlərin bildirdiyinə görə, yaşayış massivindən keçən suvarma kanalı son vaxtlar çirkab suları ilə çirkləndirilir. Həmin kanalın suyundan ərazidə yerləşən istixanaların və zeytun bağlarının suvarılmasında istifadə olunur. Lakin son dövrlərdə kanalın suyu yararsız vəziyyətə düşüb.
Şikayətçilərin sözlərinə görə, həyətlərdən toplanan çirkab suları xüsusi maşınlarla daşınaraq, birbaşa suvarma kanalına axıdılır. Nəticədə kanalın suyu üfunətli hala düşür və bu çirklənmiş sudan kənd təsərrüfatında istifadə edilir. Sakinlər bunun həm məhsulların keyfiyyətinə, həm də insan sağlamlığına ciddi təhlükə yaratdığını deyirlər:
“Gün ərzində 15-20 dəfə oraya çirkli su axıdılır. İydən, qoxudan durmaq olmur. Kanalı niyə çirkləndirirsiniz deyib şikayət etdikdə “pulumu verib, işimi görürəm” deyə cavab verirlər”.
Məsələ ilə bağlı narahatlığını ifadə edən sakinlər qeyd ediblər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, indiyədək hər hansı tədbir görülməyib. Onların sözlərinə görə, nə yerli icra strukturları, nə də müvafiq kommunal xidmətlər problemin həllinə reaksiya verib.
Sakinlər aidiyyəti dövlət qurumlarından məsələyə təcili müdaxilə etməyi, suvarma kanalının çirkab sularından təmizlənməsini və bu cür halların qarşısının alınmasını xahiş edirlər.
Şahanə Rəhimli
Musavat.com






