Məlum olduğu kimi, süni intellekt dünyanın müxtəlif sahələrində fundamental dəyişikliklərə səbəb olur və bu dəyişikliklər artıq qaçılmazdır. Bu inkişaflar iş dünyasından təhsilə, səhiyyədən texnologiyaya qədər bütün sahələri əhatə edir. Bu baxımdan, mütəxəssislər hesab edir ki, dünya təcrübəsində ortaya çıxan yeni ixtisaslar və peşə sahələri formalaşır və onların Azərbaycana gətirilməsi ölkəmizin rəqabət qabiliyyətinin artırılması üçün vacibdir.
Bəs həmin ixtisaslar hansılar ola bilər?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, süni intellektin qlobal miqyasda yaratdığı transformasiya əmək bazarının strukturunu əsaslı şəkildə dəyişdirdiyi üçün Azərbaycan da bu prosesə çevik uyğunlaşmalıdır:
"Təhlil göstərir ki, 2023–2024-cü illərdə dünya üzrə rəqəmsal və süni intellektə əsaslanan peşələrə tələbat 25 faizdən çox artdığı halda, ənənəvi ixtisaslara tələb 12–15 faiz azalıb.
OECD proqnozlarına görə, 2030-cu ilədək mövcud iş yerlərinin ən azı 30 faizi avtomatlaşdırılacaq və bu, yeni ixtisasların yaradılmasını qaçılmaz edir. Azərbaycanın rəqabət qabiliyyətinin yüksəlməsi üçün bu proseslərə vaxtında reaksiya verilməsi strateji əhəmiyyət daşıyır.
Təhsil sisteminin dəyişmə sürəti yeni ixtisasların formalaşmasında həlledici rol oynayır. Dünya təcrübəsi göstərir ki, rəqəmsal transformasiyanın liderləri olan Sinqapur, Cənubi Koreya, Estoniya məktəblərdə süni intellekt bacarıqlarını kurikuluma daxil etməklə əmək bazarını qabaqlayan model qurublar. Məsələn, Koreyanın "Digital Talent 2.0" proqramı çərçivəsində hər il 100 min rəqəmsal mütəxəssis hazırlanır, Estoniyada məktəblilərin 70 faizindən çoxu kodlaşdırma üzrə əsas biliklərə sahibdir. Bu ölkələrdə rəqəmsal peşələr üzrə məşğulluq səviyyəsi 80 faizə qədər yüksəlib.
Azərbaycanda isə son illərdə rəqəmsal bacarıqların tədrisinə keçid, STEAM mərkəzlərinin genişlənməsi və tədris standartlarının modernləşdirilməsi göstərir ki, Elm və Təhsil Nazirliyi yeni dövrün tələblərinə uyğunlaşmaq üçün ardıcıl müsbət addımlar atır".
Təhsil mütəxəssisinin fikrincə, yeni ixtisaslara tələbatın artmasının həm müsbət, həm də mənfi tərəfləri mövcuddur:
"Mənfi tərəfi ondadır ki, Azərbaycan əmək bazarında çalışanların yalnız 28 faizi öz rəqəmsal bacarıqlarını "kifayət qədər" qiymətləndirir və bu, keçid dövründə kadr çatışmazlığı riski yaradır.
Eyni zamanda, müsbət dinamika da realdır: Data analitikası, proqramlaşdırma, kibertəhlükəsizlik və robototexnika üzrə təlimlərə tələbat son üç ildə 60 faiz artıb. Nazirliyin ali təhsil müəssisələrində süni intellekt, kibertəhlükəsizlik, biotexnologiya kimi yeni ixtisas qruplarını yaratmağa başlaması ölkənin texnoloji inkişafına uyğun insan kapitalının formalaşmasına ciddi təkan verir.
Qanunvericilik də yeni peşələrin yaranmasına hüquqi baza yaradır. "Təhsil haqqında" Qanunun 3-cü maddəsində qeyd olunur ki, təhsil sistemi əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasına xidmət etməlidir. Əmək Məcəlləsi işəgötürənin rəqəmsal bacarıqları inkişaf etdirmək üçün işçilərə təlim imkanları yaratmasını təşviq edir. Bu iki əsas norma göstərir ki, təhsil və əmək münasibətləri artıq yeni iqtisadi modelə inteqrasiya olunma mərhələsindədir".
Kamran Əsədov qeyd edib ki, yeni ixtisaslar əsasən süni intellekt mühəndisliyi, maşın öyrənməsi üzrə mütəxəssislər, data analitikləri, robototexnika mühəndisləri, kibertəhlükəsizlik ekspertləri, bioinformatika və genetik mühəndislik üzrə mütəxəssislər, EdTech və rəqəmsal kurikulum dizaynerləri, VR/AR mühiti üzrə mütəxəssislər kimi sahələri əhatə edir:
"Bu peşələrin üstünlüyü ondan ibarətdir ki, həm yüksək əməkhaqqı təmin edir, həm də ölkənin innovasiya potensialını artırır. Müqayisə göstərir ki, yeni texnoloji peşələr üzrə orta əmək haqqı Avropa ölkələrində ənənəvi ixtisaslara nisbətən 1,8 dəfə yüksəkdir.
Azərbaycanda dəyişəcək əsas məsələ təhsil sisteminin məzmununun və tədris metodlarının yeni əmək bazarı ilə uyğunlaşdırılmasıdır. Dəyişməli olan ənənəvi modeldir – fakt yaddaşına əsaslanan deyil, data analizi, texnoloji düşünmə, kodlaşdırma, innovativ problem həlli kimi bacarıqları formalaşdıran çevik modelə keçid tələb olunur.
Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi rəqəmsal kurikulum islahatları, STEAM təhsilinin genişləndirilməsi, müəllimlərin təlim proqramlarının yenilənməsi bu keçidin uğurlu başlanğıcıdır və bu siyasət davam etdirildikcə yeni ixtisasların ölkədə dayanıqlı tətbiqi mümkün olacaq.
Hesab edirəm ki, yeni texnoloji peşələrin ölkəyə gətirilməsi yalnız iqtisadi inkişaf üçün deyil, həm də milli insan kapitalının rəqabət qabiliyyətinin yüksəldilməsi üçün strateji vacib addımdır.
Dünya təcrübəsi və mövcud statistika təsdiq edir ki, bu istiqamətdə atılan addımlar nə qədər çevik və sistemli olsa, Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyası bir o qədər sürətli olacaq. Elm və Təhsil Nazirliyinin bu sahədə gördüyü işlər isə məhz həmin strateji keçidi əsaslandıran müsbət nümunədir".
Xalidə Gəray
Musavat.com






