Ağ Ev ABŞ Ali Məhkəmənin qərarından sonra müəyyən gömrük rüsumlarını ləğv edib.
Musavat.com xəbər verir ki, müvafiq sənəd Ağ Evin saytında yerləşdirilib. Sənəddə bildirilir ki, fövqəladə qanunvericilik adı altında tətbiq edilən rüsumlar ləğv edilir. Xüsusilə bunlar ABŞ tərəfindən 2025-ci ilin aprel ayında 185 ölkə və ərazidən məhsullara tətbiq edilən rüsumlardır. Bundan əlavə, qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığına qarşı mübarizə üçün Çin, Meksika və Kanadaya, eləcə də Venesueladan neft və ya qaz alan ölkələrə tətbiq edilən rüsumlar ləğv edilir.
Eyni zamanda ABŞ-ın 2025-ci ilin avqust ayında Rusiya neftinin alınması ilə əlaqədar Hindistana əlavə 25 faiz tarif tətbiq etməsini nəzərdə tutan icra sərəncamı ləğv edilib. Bu rüsumlar 7 fevralda ləğv edilib.
ABŞ-a Kubaya neft tədarük edən ölkələrə, eləcə də İrandan mal və ya xidmət idxal edən ölkələrə tarif tətbiq etməyə imkan verən icra sərəncamları da ləğv edilib.
Sənəddə deyilir ki, müvafiq fərmanlar "artıq qüvvədə olmamalıdır" və onlar tərəfindən nəzərdə tutulan rüsumların yığılması "mümkün qədər tez dayandırılmalıdır".
Musavat.com






