İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü?  

1397 26.01.2026 16:40 Yazarlar A A

ABŞ prezidenti Donald Trampın Azərbaycan və Ermənistan rəhbərləri ilə Vaşinqtonda keçirdiyi son görüşdən sonra verdiyi açıqlama diqqətdən yayınmamalıdır. O bəyan edib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens (JD Vance) yaxın aylarda həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. Bu səfər təsadüfi deyil.

Hər iki ölkə Trampın təşəbbüsü ilə yaradılan və “Beynəlxalq sülh və rifah marşrutu” kimi təqdim olunan mexanizmə qoşulub. Vaşinqton Azərbaycan və Ermənistanı uzun illər davam edən münaqişədən sonra sülhə nail olmuş, region üçün nümunə kimi təqdim edir.

Məhz bu kontekstdə ABŞ-ın Bakı və İrəvanla bağlı təklifləri müxtəlif cür şərh olunur. Sosial şəbəkələrdə və müxalifət düşərgəsində iddia edilir ki, guya ABŞ Ermənistana nüvə texnologiyaları və sənaye imkanları verir, Azərbaycana isə sadəcə müdafiə vasitələri satır. Buradan belə bir nəticə çıxarılır ki, Ermənistan texnoloji baxımdan Azərbaycanı qabaqlayacaq.

Eğer ben gelmeseydim... - TRAMP | Modern.az

Bu yanaşma siyasi analiz deyil. Real siyasətdə əsas sual “kimə nə verildi?” yox, “kimə hansı rol verildi?” sualıdır.

Ukraynanın nüfuzlu ingilisdilli nəşri olan “Kyiv Post” bu məsələdə Vaşinqtonun mövqeyini açıq şəkildə ortaya qoyur. Məqalədə Donald Trampın Truth Social platformasında paylaşdığı açıqlamadan sitat verilir:

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcəyik. Ermənistanla dinc nüvə əməkdaşlığına dair gözəl bir razılaşma bağlayacağıq. Böyük yarımkeçirici istehsalçılarımız üçün sazişlər və Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqlarının – o cümlədən bədən zirehləri və qayıqların – satışı həyata keçiriləcək".

Bu cümlə ilk baxışda “məhsul bölgüsü” kimi görünə bilər. Lakin “Kyiv Post”un təhlili göstərir ki, məsələ məhsul deyil, arxitekturadır.

Zəngəzur dəhlizi - regional və qlobal miqyasda yeni əməkdaşlıq imkanları  yaradan layihə

ABŞ-ın əsas aləti TRIPP adlanan mexanizmdir. Məqalədə bu belə təsvir olunur:

“Keçən həftə ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu – yəni TRIPP üçün İcra Çərçivəsini təqdim etdilər".

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər |  Icma.az

Bu sənəd sadəcə niyyət bəyannaməsi deyil. O, konkret olaraq dəmir yollarını, yol dəhlizlərini, enerji şəbəkələrini və gəlir axınlarını planlaşdırır. Məqalənin ən vacib cümlələrindən biri isə budur:

“ABŞ-ın nəzarətində olan inkişaf şirkəti, Ermənistanın tənzimləyici qurumu və ərazi bütövlüyünə dair möhkəm təminatlar bu mexanizmin əsasını təşkil edir”.

Bu ifadə rol bölgüsünü açıq şəkildə göstərir. Ermənistanın suverenliyi vitrində qorunur, lakin tranzitin faktiki idarə olunması ABŞ-ın nəzarətində qurulur. Bu, nə texnoloji sıçrayışdır, nə də sənaye inqilabı. Bu, risklərin idarə olunmasıdır.

Yeni Çernobıla hazırlaşın: Ermənistan “Metsamor”da uranı zənginləşdirir

Ermənistanla bağlı “nüvə texnologiyası” anlayışının şişirdilməsi də məhz bu kontekstdə başa düşülməlidir. Söhbət nə hərbi nüvə potensialından, nə də strateji texnoloji üstünlükdən gedir. Məsələ 1976-cı ildən fəaliyyət göstərən, 1988-ci il zəlzələsindən sonra bağlanıb 1995-ci ildə yenidən işə salınan, sovet dövründən qalan və seysmik risk zonasında yerləşən Metsamor Atom Elektrik Stansiyasının təhlükəsizliyinin idarə olunmasından ibarətdir.

ABŞ bu yanaşmanı daha əvvəl Ukrayna, Rumıniya, Bolqarıstan və Slovakiyada da tətbiq edib. Heç bir ölkə bu paketlər hesabına texnoloji gücə çevrilməyib. Çünki bu paketlərin mahiyyəti inkişaf yox, təhlükəsizlikdir.

Azərbaycanla bağlı ABŞ-ın yanaşması isə kökündən fərqlidir. Burada söhbət köhnə infrastrukturu nəzarətdə saxlamaqdan yox, regionun yeni təhlükəsizlik və logistika arxitekturasında əsas dayaqlardan birini formalaşdırmaqdan gedir.

907-ci düzəliş: ABŞ-ın şantaj aləti, yoxsa hərbi yardım... | Modern.az

Donald Trampın birinci prezidentliyi dövründə ABŞ 907-ci düzəlişə baxmayaraq Azərbaycana real hərbi-təhlükəsizlik yardımları ayırırdı. Bu yardımlar Xəzər hövzəsində təhlükəsizlik, sərhəd nəzarəti, antiterror imkanları və strateji infrastrukturun qorunmasına yönəlmişdi. Bu fakt bu gün də dəyişməyib. Dəyişən yalnız təqdimat formasıdır.

Bu gün ABŞ Azərbaycanı yardım alan ölkə kimi deyil, platforma ölkə kimi görür. Enerji xətləri, tranzit marşrutları, yarımkeçirici tədarük zəncirləri, data və logistika axınları baxımından Bakı istehsalçı yox, koordinasiya mərkəzi kimi nəzərdə tutulur. Bu məhsul almaq deyil. Bu, sistemin içində yer almaqdır. Bu isə daha yüksək səviyyəli siyasi statusdur.

“Kyiv Post”un diqqət çəkdiyi daha bir vacib detal ABŞ vitse-prezidentinin marşrutudur. Məqalədə açıq şəkildə qeyd olunur ki, Cey Di Vens Bakıya və İrəvana səfər edəcək, lakin Tiflisə yox. Məqalədə bu belə ifadə olunur:

“Diqqətçəkən məqam Vensin marşrutunda Gürcüstanın olmamasıdır”.

ABŞ-ın Cənubi Qafqazda əsas hədəfi nədir?” — AÇIQLAMA

Bu detal ABŞ-ın Cənubi Qafqazda yeni prioritet xəritəsini göstərir. Vaşinqton regionun əsas dayaqlarını artıq Bakı–İrəvan xətti üzərində qurur. Gürcüstanın kənarda qalması təsadüfi deyil. Bu, ABŞ-ın yeni marşrut məntiqinin nəticəsidir.

Qarabağ məsələsinin ABŞ və ümumilikdə Qərbin gündəliyində ayrıca başlıq kimi görünməməsi də məhz bu səbəbdəndir. Bu, mövzunun unudulması deyil, Qarabağın artıq aktiv münaqişə yox, başa çatmış proses kimi qəbul edildiyini göstərir. Qərb üçün əsas məsələ münaqişənin özü yox, münaqişədən sonrakı nizamdır.

Amerikadakı erməni diasporunun bu reallığı qəbul etməməsi isə ayrıca bir xətdir. “Kyiv Post” bu ziddiyyəti də göstərir: diaspora keçmişlə yaşayır, rəsmi İrəvan isə gələcəyi xilas etməyə çalışır. ABŞ da bu fərqi görür və Ermənistanı diaspora ritorikasından uzaqlaşdıraraq praktik inteqrasiyaya yönəltməyə çalışır.

Cənubi Qafqaz uğrunda Qərb-Rusiya döyüşü qızışır... - Baki-Xeber.com

Nəticə etibarilə ABŞ Cənubi Qafqazda kimə nə satıldığını hesablamır. ABŞ kimə hansı rolu verdiyini hesablayır. Ermənistana risklərin idarə olunması və sistemə uyğunlaşma təklif olunur. Azərbaycana isə marşrut, platforma və regional dayaqlıq funksiyası verilir. Bu fərq texniki deyil, stratejidir.

Texnologiya almaq olar, müqavilələr dəyişə bilər. Amma geosiyasi rol nadir hallarda verilir. ABŞ-ın bu mərhələdə Cənubi Qafqazda etdiyi də məhz budur: regionu münaqişə yaddaşından çıxarıb marşrut məntiqinə daxil etmək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR