ABŞ-nin "Henry Public Relations" şirkətinin baş direktoru, "RedPresswire"ın həmtəsisçisi və "Newsmax TV"nin şərhçisi Brayan E. Leyb "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin ləğv etməyə və Azərbaycana ABŞ istehsalı olan qırıcı təyyarələrin satışına çağırıb.

Bununla bağlı o, "X" hesabında paylaşım edib. Leyb Azərbaycan mediasının “JF-17C”, “Su-25ML” və “L-39” təyyarələrinin döyüş təlim uçuşları barədə xəbərlərinə cavab olaraq yazıb: “1992-ci il “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi ləğv edilməli və Amerika qırıcı təyyarələri etibarlı və sübut olunmuş müttəfiqimiz Azərbaycana satılmalıdır”.
Qeyd edək ki, 2025-ci ilin sonunda ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tamamilə ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib. Bu çağırışın reallaşması üçün isə bədnam akt ləğv olunmalıdır.
Bəs cari ilin sonuna qədər Konqresin belə bir qərarına nə qədər ümid bəsləyə bilərik?
Hərbi ekspert Ramil Məmmədli "907-ci düzəliş"in ləğvini qaçılmaz hesab edir. Onun fikrincə, bu sanksiyanın heç bir əhəmiyyəti qalmayıb: " Əvvəla, Azərbaycan tərəfdaş ölkələrdən müasir silahlar ala bilir. Ona görə də həmin bədnam akt təsir gücünə malik deyil. Üstəlik, Azərbaycan Ermənistanla sülh şəraitindədir və biz müharibəyə hazırlaşmırıq. Yəni ABŞ Konqresi bilməlidir ki," 907-ci düzəliş" nahaq yerə qüvvədə saxlanır. Doğrudur, onun icrası dayandırılıb və bu qərar Tramp dönəmində qəbul edilib. Lakin qanunun ləğvi üçün Konqresin mövqeyi olmalıdır. Əfsuslar olsun ki, qanun ləğv edilmir və bu da ABŞ-dən silah almağımızı çətinləşdirir. Amma sözügedən çağırış mühümdür və qanunun ləğvi zəruridir. Hazırda isə ABŞ bizə qırıcı təyyarələr verə bilməz. Açığı, bu barədə Azərbaycanın da hər hansı istəyini eşitməmişəm".

Onun sözlərinə görə, 2013-cü ildən etibarən Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ABŞ şirkətləri arasında imzalanan müqavilələrə əsasən, ölkəmizdə istehsal olunan əl qumbaraatanları, minaatanlar, döyüş sursatları və bəzi optik cihazlar ABŞ-a ixrac edilib: "Amma Azərbaycan və ABŞ arasında hərbi-texniki əməkdaşlıq məhdud xarakter daşıyır və müəyyən tarixi mərhələlərdən keçib. ABŞ-dan Azərbaycana birbaşa silah satışına mane olan müəyyən siyasi və hüquqi məhdudiyyətlər (məsələn, ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş) mövcuddur. Bu mənada əngəlin aradan qaldırılması vacibdir. Əgər bu qanun ləğv olunmasa belə, yenə də Azərbaycan silahlanmada ciddi çətinlik yaşamayacaq. Bu gün Ordumuz ən müasir silahlarla təchiz olunmaqdadır. Sadəcə, Ordumuzun gücünü artırırıq. Lakin o demək deyil ki, yeni bir münaqişə gözlənilir. Əgər Ermənistan son tələbimizi yerinə yetirərsə, yekun sülh sənədi imzalanacaq".
Emil Salamoğlu
Musavat.com






