ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigezin ABŞ-ın düşmən hesab etdiyi ölkələrə neft tədarükünü dayandırmasını tələb edib.
Musavat.com xəbər verir ki, məlumatı Politico yayıb. Qəzetin mənbələrinə görə, "ABŞ rəsmiləri Delsi Rodrigezə ondan ən azı üç addım görmək istədiklərini bildiriblər: narkotik qaçaqmalçılığına qarşı mübarizə, İran, Kuba və Vaşinqtona düşmən olan digər agentləri və ya şəbəkələri qovmaq; ABŞ rəqiblərinə neft tədarükünü dayandırmaq". Qəzet hansı ölkələrin xatırlandığını dəqiqləşdirmir.
Nəşr aydınlaşdırır ki, Amerika tərəfi həmçinin Rodrigezin "sonda azad seçkiləri təmin edib istefa verməsini" gözləyir. Lakin məqalədə deyilir ki, "bu tələblərin yerinə yetirilməsi üçün son tarix qoyulmayıb və rəsmilər vurğulayırlar ki, Venesuelada tezliklə seçkilər olmayacaq". ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton Venesuela hakimiyyətindən ABŞ maraqlarına uyğun addımlar atmasını istəyir.
Musavat.com






