Ötən gün Bakıda olmuş ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan paytaxtına səfər edəcək.
Musavat.com bildirir ki, bu barədə "Azadlıq" radiosunun erməni bölməsi xəbər yayıb.
Qeyd olunub ki, nümayəndə heyətini dünən Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qəbul edib. Amerika və Azərbaycan tərəfləri “Tramp marşrutu” - Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Əlavə edək ki, Cənubi Qafqaza səfər edən ABŞ nümayəndə heyəti Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavinləri Genadi Arveladze və İnqa Pxaladze ilə də də görüşüblər.
Bakıda keçirilən görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-nin özəl sektor nümayəndələrinin ölkəmizdə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Ötən ilin 8 avqust tarixində Vaşinqton sülh sammitindən sonra "Strateji tərəfdaşlıq xartiyası"nın hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.
Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resusrlarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
2026-cı ilin ilk günlərindən ABŞ-nin Zəngəzur dəhlizi - Tramp marşrutu ilə bağlı hərəkətə keçəcəyi barədə proqnozlar özünü doğrultmaqdadır.
Musavat.com






