İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağılın ağıldan üstünlüyü haqqında fikirlərim - Zamin Hacı YAZIR...

1716 30.11.2025 16:36 Yazarlar A A

“Yumurtlamadın, yumurtlamadın, bəs falı neylədin?”

(Azərbaycan ata sözü)

Dükan-bazardan gələn pessimist xəbərə görə kənd toyuğu yumurtasının qiymətində bahalaşma vardır. Bəzi dükanlarda 1 ədəd belə yumurta 50 qəpiyə satılırmış. Vətəndaşlar buna kəskin etirazını bildirir, Azadlıq meydanına axışaraq təzədən Nemət müəllimin ardınca düşmək istəyirlər, satıcılar isə günahı kəndlilərin üzərinə atır, deyirlər nə edə bilərik, bizim özümüzə 35-40 qəpikdən gəlib çatır. Kim haqlıdır, bu barədə hər hansı mülahizəm yoxdur.

Ancaq maraqlı burasındadır ki, kənd yumurtasının bahalaşmasına etiraz edənlərin çoxu elə dünənə qədər kənddə məskunlaşmış dəyərli zəhmətkeşlərimizdir. Hamı kəndi atıb şəhərə axışıb, indi isə istəyirik ucuz kənd yumurtası olsun. “Nə ilə, Alış?” – bir lətifədə deyilən kimi. Kənd yumurtası üçün əvvəlcə kəndin özü olmalıdır. (Populyar elmi sualın da cavabını öyrənmiş oldunuz: əvvəldə nə toyuq, nə yumurta var idi, kənd vardı!).  Biz isə regionların inkişaf proqramı sayəsində kəndlərimizin anasını ağlar qoymuşuq, tülkü və çaqqalların ixtiyarına buraxmışıq, onlar da hinin küncünə qısılan sonuncu toyuqları basıb yemişlər.

Hərçənd, uca millətimizin bəzi qismində kənd yumurtasına olan bu məhəbbətin mənasını çox anlamıram. Guya belə yumurtalar fabrik yumurtasına nisbətən daha zəngin tərkibə malikdir. Əlbəttə, keçmişdə ola bilsin belə idi, ancaq indi kəndlərdə də toyuq-cücənin sağlam qidalanması, minerallar və vitaminlərlə dolu yumurta buraxması çətinləşib. Fabrikdə toyuğa nə verirlərsə, kəndli də ondan verir. Hətta bəzi dələduzlar fabrik yumurtasını palçığa-filana bulaşdırıb “kənd yumurtası” adıyla satır. Əlaqədar orqanlar buna qarşı tədbir görməlidir. Kənd yumurtasını saxtalaşdıran, sabah bələdiyyə seçkisinə də kələk qatar. Yeri gəlmişkən, dünya birliyi buna susur.

Ta hinə, yəni, mövzuya girmişik, bir yanlış bilgini də xalqımıza çatdırmaq istəyirəm: qəhvəyi toyuq yumurtasının ağ rəngli toyuq yumurtasından hər hansı üstünlüyü yoxdur, dükan-bazarda bu rəngdə yumurta axtarmaq və daha çox pul vermək mənasızdır. Tərkibi tamamilə eynidir. Rəng fərqi yalnız toyuğun özünün rəngi ilə bağlıdır: ağ toyuğun yumurtası ağ, qəhvəyi toyuğun yumurtası qəhvəyi olur. Araşdırmalar göstərir ki, zaman keçdikcə dünyada ağ yumurtalar çoxalacaq, çünki, ağ toyuqlar qəhvəyi toyuqlara nisbətdə daha uzunömürlü və deməli daha çox yumurta vericidir. Məsləhət görürəm, toyuq saxlamaq istəsəniz ağ toyuq alın. Ağ toyuq ağasını ağ günə çıxarır. Ağ yumurta yeyən ağ atlı oğlan olub daim xalqına xidmət edir. Toyuğun uçuşu zibilliyə qədər olar. Bunlar hamısı vaxtilə el-obamızda sınaqdan çıxarılmışdır.

Kənd təsərrüfatımızda məhsul qıtlığına... təhsil sektoru da öz təsirini göstərir. Bugünlərdə belə informasiya oxuduq, rayonda məktəbin direktoru gözətçini işdən çıxarmışdır, gözətçi deyir ki, direktorun mal-qarasını otarmadığım üçün məni qovdu. İndi burada günah kimdədir? Əlbəttə, məktəbin müəllim-təsərrüfat kollektivində. Direktorun heyvanlarına baxmasanız, həm heyvandarlıqda tənəzzül yaranar, həm də kurrikulum zəifləyər, çünki yazıq direktorun ağlı ağılda-örüşdə qalar, tədris pozular.

Çox maraqlıdır ki, ana dilimizdə “ağıl” sözü omonimdir, bu həm zəkanı, biliyi ifadə edir, həm də qoyun saxlanan üstü açıq, çəpərlənmiş ərazini. Güman edirəm “Ağıl ağıldan üstündür” ata sözümüz də “kitab oxuyanacan, beş-on qoyun saxlasan yaxşıdır” mənasını verir.

Bəlkə də məktəblərin tikintisi zamanı direktorun heyvanları üçün həyətyanı sahədə elmi-pedaqoji pəyələr, metodiki-tərbiyəvi ağıllar yaradılsa xalqımızın gələcəyinə müsbət təsir edər.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz hansı quşun yumurtasını yeməyə üstünlük verirsiniz?

P.S. Yuxarıda yazdığım məktəb əhvalatında mənim diqqətimi həm də bu detal çəkdi: direktorun adı Əliqismət, işdən çıxarılan gözətçinin adı isə Taleh idi. Deməli, həqiqətən talehimiz qismətimizdən asılıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR