Frankfurt-Mayn Yuxarı Əyalət Məhkəməsində Rusiya xeyrinə casusluq etməkdə ittiham olunan üç kişi barəsində məhkəmə prosesi başlayıb.
Musavat.com xəbər verir ki, prokurorluğun iddiasına görə, onlar “xüsusilə ağır halda” Rusiyanın xüsusi xidmət orqanına çalışıblar.
Federal Prokurorluğun nümayəndəsi ittihamı elan edərkən bildirib ki, ehtimal olunan agentlər, görünür, bir şəxsin qətlə yetirilməsinə hazırlıq görürdülər. İttiham olunanlar – Vardqes İ., Robert A. və Arman S. – müvafiq olaraq Ermənistan, Ukrayna və Rusiya vətəndaşlarıdır.
Hər üçü 19 iyun tarixində Hessen federal əyalətinin Cinayət İşləri İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, bir gün sonra isə Federal Məhkəmə Palatasının istintaq hakiminin yanına gətiriliblər. Hakim onların hər biri barəsində həbs orderi verib və icrasını tapşırıb.
Almaniyanın Baş Prokurorluğu bildirirdi ki, ittiham olunanlar xarici kəşfiyyat xidmətinin tapşırığı ilə Almaniyaya “burada yaşayan Ukrayna mənşəli bir şəxs barədə məlumat toplamaq” üçün gəliblər. Saxlandıqları gün onlar həmin şəxsin gəlməli olduğu Frankfurt-Mayn şəhərindəki bir kafeni izləyirmişlər.
İttiham tərəfinin məlumatına görə, 43 yaşlı Vardqes İ. 2024-cü ilin mayında Rusiya xüsusi xidmət orqanından Almaniyada yaşayan “Ukraynadan olan bir kişi” haqqında casusluq etmək tapşırığı alıb. Rusiya hərbi təcavüzü başladıqdan sonra həmin kişi Ukrayna silahlı qüvvələrinin (USQ) tərkibində vuruşub. Rusiya onu “hərbi cinayətlərdə”, o cümlədən guya əsir alınmış rus əsgərlərinin edamında iştirakda ittiham edərək, bu tapşırığı Ermənistan vətəndaşına verib. Məhkəmə sənədlərinə əsasən, o, bu tapşırığın icrası üçün iki həmyerlisini cəlb edib.
2024-cü ilin iyununda izlənilən həmin şəxs Frankfurt-Mayn şəhərindəki bir kafeyə saxta bəhanə ilə dəvət edilib. İttihama görə, məhz burada ittiham olunanlar onun barədə “daha ətraflı məlumat” əldə etməli idilər. Lakin keçmiş hərbçi buna qədər Almaniya polisinə müraciət etdiyi üçün əməliyyat baş tutmayıb. Agentlik dpa bildirir ki, bu şəxsin özü barəsində də Almaniyada istintaq aparılır.
Məhkəmədə təqdim olunan məlumata əsasən, casusluq fəaliyyəti Rusiya xüsusi xidmət orqanlarının Almaniyada həyata keçirmək istədiyi mümkün növbəti əməliyyatlara - hətta qətl planına - hazırlıq xarakteri daşıyırdı. İttiham olunanlar saxlanıldıqları gündən bəri həbsdədirlər.
Vardqes İ.-nin vəkilləri məhkəmədə ittihamları rədd ediblər. Onların sözlərinə görə, ittihamın sübutları natamamdır, hadisələrin mümkün alternativ inkişafı araşdırılmayıb. Həmçinin ehtimal olunan sifarişçinin Rusiya xüsusi xidmət orqanı ilə əlaqəsi aydın deyil və həmin axşam onun davranışları “profesional xüsusi xidmət fəaliyyəti ilə uyğun gəlmir”, – deyə vəkillərdən biri bildirib.
Ukrayna vətəndaşı Robert A.-nın vəkili də nümayəndə etdiyi şəxs adından ittihamları rədd edib. O, müvəkkilini “təcavüzkar Rusiya” üçün işləməkdə ittiham etməyi təhqiredici hesab etdiyini vurğulayıb.
Musavat.com






