İnsanlara hürriyət, millətlərə istiqlal!

Amfibiya adamın köşəsi

1267 16.01.2026 18:18 Analitika A A

Növbəti dəfə millət qəhrəmanı xaricdən gətirilib təntənə ilə məzara qoyuldu. “Vətən sağ olsun” dedik, baş əydik, göyə deyəsən güllə də atdılar. Bəs millətin qəhrəmanı niyə xaricdə idi, bu barədə düşünmək lazım deyil. Hələ bəzi pis ağızlar “qocalar evində ölüb, yiyəsiz qalmışdı” kimi təxribatçı sözlər söyləyir. Bu barədə fikirləşsək, xarici düşmənlərin dəyirmanına su axıdarıq.

O cümlədən, millət qəhrəmanının sığınacaq və vətəndaşlıq aldığı həmən xarici ölkə də həmən dəyirmana su axıdan ölkələr arasında vaxtaşırı boy göstərərdi. Ancaq bunları da fikirləşməyək. Xaric haqqında gərək ya yaxşı danışasan, ya da heç danışmayasan. Gəzməyə qərib ölkə, ölməyə də qərib ölkə. Palaza bürün, elnən sürün. (Axırıncı ata sözü bəlkə də məzmuna uyğun gəlmədi, yola verin. Yas yeridir, molla nə danışsa gərək “amin” deyəsən. Durub bəzi sarsaqlar kimi sözləşmək olmaz).

Üstəlik, millətin qəhrəmanlarının hamısı xaricdə ölmür ki, bəziləri də burda ölür. Yəni, stereotip yaratmaq, yanlış xəbər, dezinformasiya yaymaq düzgün deyildir.

Məsələn, təzəlikcə internetdə “1500 manat ünvanlı sosial yardım alacaqsınız” başlıqlı mesajlar yayılırmış. Camaat isə buna inanırmış! Hətta dövlət idarəsi məcbur oldu təkzib versin. Nə qədər avam adamlar var... Vaxtilə Nemət, Elçibəy, İsa Qəmbər, Etibar kimi adamlar bunlara qızıl-brilyant döşənmiş müstəqil Azərbaycan vəd edəndə də inanmışdılar. Şəxsən mən özüm dərsdən qaçıb mitinqə gedirdim, bəzən üvertüra çalınanda yumruğumu o qədər havada saxlayırdım, az qalırdı qolum qurusun. Axı indi heç olmazsa internet var, dünyadan xəbərimiz var, yaşamışıq, görmüşük. İndi niyə fırıldaqçıların toruna düşürlər?

Təzəlikcə bir su müşavirəsi oldu, hökumət təşnə millətin qəlbinə su səpdi. Dedilər, hər şey yaxşı olacaq, özünüzü aparmağınızdan asılıdır, hovuza su da buraxa bilərik – məşhur anekdotdakı kimi.

Burada bir haşiyə çıxaraq Trampvari şəxsi mövqeyimi yazım: necə ki, Donald müəllim qlobal istiləşməyə şübhə ilə yanaşır, mən də qlobal su böhranına çox inanmıram. Nəyə görə? Sadə səbəbdən: təbiətdə suyun dövranı qanununa görə! Loru dildə izah eləsəm, planetimiz bir qapalı qazandır, su burda qaynayır, soyuyur, buxarlanır, dövr edir. Nə artır, nə azalır. Bu şəraitdə susuzluq, quraqlıq yalnız materiklərin çox daxili bölgələrində yaşanar və qısa müddətli olar. “Su müharibələri” ilə dünya xalqlarını qorxudanlar əslində bu işdən pul qazanan hökumətlərdir. Qiyməti qaldırıb su satırlar.

O cümlədən, su böhranı sudan səmərəsiz istifadə edilən yerlərdə yaşanır. Korrupsiya, oğurluq, əliəyrilik, yalan, saxtakarlıq varsa, bu çirkabı yumağa okean çatmaz, sən bulaqdan, çaydan nə umursan?

Bizim su idarəsinin böyükləri həmişə buradan yağlanıb çıxıblar. Hətta biri şişib spiker olmuşdu. Pulunu sel gəlsə apara bilməz. Bundan danışmaq lazımdır. Yağışın nə günahı var? Suyun keçmiş-indiki müdirlərini sıxın, görün nə qədər “su” çıxır.

Yuxarıda adını çəkdiyim şanlı müşavirədə rəsmi şəxslər Abşeron yarımadasındakı göllərin qanunsuz şəkildə, təbiətə zidd olaraq qurudulmasını, keçmiş göl ərazilərinin əhaliyə tikinti məskəni kimi satılmasını da tənqid atəşinə tutdular. Sən demə, bunun sayəsində yağış suları axmağa yer tapmır, Bakıda böhranlı vəziyyətlərə səbəb olurmuş.

Əlbəttə. Yəqin həmin gölləri xaricdən maliyyələşən qara qüvvələr qurudub... Zarafat bir yana, ancaq mənim pis yaddaşım deyir ki, çox yox, hardasa 10-15 il qabaq təxminən eyni tərkibli müşavirədə Abşeron yarımadasındakı göllərin... qurudulmasının vacibliyi önə sürülmüşdü. Təxminən o vaxtlar idi ki, Böyük Şorun şimal baş tərəfini qurutmuşdular. Qanlıgölü yoxa çıxarmışdılar. Zabrat, Fatmayı, Novxanı və sairə istiqamətlərdə də buldozerlər göllərə zir-zibil, torpaq basırdı. Gölü təmiz saxlayıb şəhərə hava, gözəllik verən təbiət abidəsi, istirahət guşəsi kimi yararlanmaq əvəzinə qurudub, “bura da göydələnqondu qayıraq, babat pul var” acgözlüyü ilə satırdılar. İndi birdən başa düşüblər ki, yağış suyunu yığmaq üçün o göllər lazım imiş.

Təklif edirəm indi də dövlət büdcəsindən vəsait ayrılsın, göllər bərpa olunsun. Orda ev alanlar isə rəsmi şəkildə suda-quruda yaşayanlar – amfibiyalar sayılsın, kompensasiya ödənməsin.

P.S. Aleksandr Belyayevin “Amfibiya adam” romanı əsasında 1961-ci il sovet filminin bəzi epizodlarının məhz Bakıda çəkildiyini, zəhmətkeşlərimizin orada kütləvi səhnələrdə oynadığını bilirdinizmi? Yəni, təcrübə də var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR