Avropa Şurası onilliklər ərzində demokratiya, insan hüquqları və hüququn aliliyi anlayışlarını özünün əsas ideoloji dayağı kimi təqdim edib.
Bu qurumun rəsmi ritorikasında “Avropa dəyərləri” dəyişməz meyar kimi qabardılıb. Lakin Avropa Şurasının uzunmüddətli baş katibi olmuş Torbörn Yaqlandın adı ətrafında son vaxtlar ortaya çıxan qalmaqallı iddialar bu ritorikanın nə qədər süni və selektiv xarakter daşıdığını açıq şəkildə ortaya qoyur.
Məsələ təkcə bir şəxsin reputasiyası ilə məhdudlaşmır. Müxtəlif mənbələrdə Yaqlandın Epşteyn şəbəkəsi vasitəsilə Rusiya ilə qeyri-rəsmi təmaslar qurduğu iddia olunur. Bu kontekstdə onun gənclik illərində solçu siyasi hərəkatlarda iştirakı və Moskva ilə əlaqələrinin həmin dövrdən formalaşması da diqqət çəkir. Bəzi məlumatlara görə, Yaqland Rusiya Federasiyasının AŞPA-dakı nümayəndə heyəti tərəfindən tam şəkildə “verbovka” edilərək Kremlin maraqlarına uyğun fəaliyyət göstərib.
Bioqrafiyası kifayət qədər qaranlıq qalan bu şəxs xüsusilə Azərbaycanla bağlı qərəzli mövqeyi ilə tanınıb. Avropa Şurasının baş katibi olduğu müddətdə Yaqland ölkəmizə münasibətdə açıq şəkildə tərəfli davranıb, Azərbaycan–Avropa münasibətlərinə xələl gətirən addımları təşviq edib. Onun əsas hədəfi Azərbaycanın Qərb strukturları ilə əlaqələrinin möhkəmlənməsinin qarşısını almaq, rəsmi Bakını beynəlxalq platformalarda təzyiq altında saxlamaq olub.
Bu siyasətin konkret təzahürlərindən biri 2015-ci ildə Avropa Şurasının Nazirlər Komitəsində baş verib. Məhz Yaqlandın açıqladığı qərarla Azərbaycanda insan hüquqları məsələləri üzrə yaradılmış birgə işçi qrupunda Avropa Şurasının iştirakı ləğv edilib. Paradoks ondadır ki, əvvəlcə bu mexanizmin yaradılmasını təşviq edən qurum, daha sonra onun fəaliyyətinin dayandırılması üçün hərəkətə keçib.
Yaqlandın Azərbaycan əleyhinə fəaliyyəti bununla da bitməyib. O, 2019-cu ilə qədər tutduğu vəzifədən istifadə edərək Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin daha da gərginləşməsi üçün sistemli şəkildə çalışıb. Bu gün isə onun missiyasını AŞPA-da Rusiyanın digər maraq daşıyıcısı kimi təqdim edilən Almaniya Bundestaqının üzvü Frank Şvabe davam etdirməyə cəhd göstərir.
Ortaya çıxan bu qalmaqallar bütövlükdə Avropa institutlarının düşdüyü vəziyyəti də aydın şəkildə nümayiş etdirir. Korrupsiya, ikili standartlar və gizli siyasi əlaqələr bu strukturlara olan etimadı ciddi şəkildə sarsıdır. Faktlar göstərir ki, “dəyərlər” adı altında fəaliyyət göstərən bu sistem artıq köklü yenilənməyə ehtiyac duyur.
Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirib ki, uzun illər boyu bütün dünyaya Avropa dəyərlərindən dərs keçən və bu dəyərləri siyasiləşdirərək milli dövlətlər üzərində təzyiq alətinə çevirən Qərbin ictimai-siyasi xadimləri ard-arda ifşa olunurlar. Onun sözlərinə görə, bu ifşa tarixi ibrət kimi qəbul edilir:
“Bu şəxslərdən biri də Avropa Şurasına rəhbərlik etmiş Torbörn Yaqlanddır. O, Norveçə Baş nazirlik etdiyi, Norveç Nobel Komitəsinin sədri vəzifəsində çalışdığı və Avropa Şurasına sədrlik etdiyi dövrdə görünür, özünün dəyərsiz dəyərlərinə istinad edən qərarlar qəbul edib. Avropa Şurasının Azərbaycana qarşı mövqeyində də Yaqlandın “dəyərlərinin” çox mühüm rolu olub. Ona görə də bu gün dünya mədəniyyəti tarixində ifşa olunan, çökən təkcə Avropanın əxlaqi dəyərləri deyil, həm də siyasi dəyərləridir.
Çünki siyasi dəyərlər Yaqlandların mənimsədiyi əxlaqi dəyərlər üzərində formalaşıb. Bir daha bəlli olur ki, Azərbaycana və istismar etmək istədikləri ölkələrə qarşı onların bu siyasi mövqeyi təkcə siyasi əxlaqsızlıq deyil, həm də mənəvi əxlaqsızlığın təzahürüdür. Biz gələcəkdə daha böyük ifşalara şahidlik edəcəyik. Bu fonda Azərbaycanın nə dərəcədə doğru siyasət apardığı və Avropa Şurasının ikiüzlü qərarlar qəbul etdiyini bir daha görəcəyik. Çünki bu dəyərlər əsasında formalaşan siyasi təfəkkür bizim haqlı və ədalətli mübarizəmizə, əxlaqımıza qarşı həqarətlə çıxış edib. Yersiz və səbəbsiz qətnamələr qəbul edib. Yaqland əxlaqında olan terrorçuların da torpaqlarımızdan çıxarılması zamanı Azərbaycana qarşı bu cür mövqe tutub”.
Şahanə Rəhimli
Musavat.com






