Fələstin radikal hərəkatı HƏMAS ABŞ-a xəbərdarlıq edib ki, Qəzza sektorunda atəşkəs razılaşması bitib və təşkilatın döyüşçüləri hərbi əməliyyatlara hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, HƏMAS ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerə bildirib ki, İsrailin Fələstin anklavında atəşkəsi pozmağa davam etməsi səbəbindən “razılaşma başa çatıb və hərəkat döyüşə hazırdır”.
Radikallar həmçinin Uitkoffa atəşkəsin qarşılıqlı olmalı olduğunu və Qəzzanın Livana çevrilməyəcəyini bildirdilər.
HƏMAS daha əvvəl vasitəçiləri təcili müdaxilə etməyə və İsrailə müqavilənin pozulmasını dərhal dayandırmaq üçün təzyiq göstərməyə çağırıb. Fələstin qruplaşması ABŞ-dan da tələb edib ki, İsraili razılaşmadakı öhdəliklərinə əməl etməyə məcbur etsin.
20 noyabr tarixində HƏMAS İsraili Qəzza sektorunun nəzarətində olan əraziləri “sarı xətt”dən kənara genişləndirməkdə ittiham edib. Hərəkatın iddiasına görə, İsrail hərbçiləri Əş-Şucaiya rayonunda sərhəd xəttini 300 metr irəli çəkiblər.
Qeyd edək ki, 9 oktyabr tarixində İsrail və HƏMAS Misir, Qatar, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın təqdim etdiyi sülh planının ilk mərhələsinin həyata keçirilməsi barədə razılığa gəlib. Qəzada atəşkəs 10 oktyabrda qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail qüvvələri sektorun mərkəzi bölgələrindən “sarı xətt”ə qədər geri çəkilib, lakin ərazinin 50%-dən çoxunu hələ də nəzarətdə saxlayır.
Musavat.com






