İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsəd haradadır? - Moskvadakı gizli həyatı ilə bağlı İLGİNC DETALLAR

473 27.07.2026 17:07 Dünya A A

2024-cü ilin dekabrında Suriyada hakimiyyətini itirərək ölkədən qaçan keçmiş prezident Bəşər Əsəd bir ildən çoxdur ki, Rusiyada yaşayır. Bir vaxtlar Yaxın Şərqin ən güclü liderlərindən hesab olunan Əsəd bu gün tamamilə fərqli həyat tərzi sürür. Dünya mediasında yayılan son məlumatlar göstərir ki, Kreml ona sığınacaq versə də, siyasi fəaliyyətinə və ictimai görünüşünə ciddi məhdudiyyətlər qoyulub.

Bəşər Əsəd hazırda ailəsi ilə birlikdə Moskva şəhərində yaşayır. Müxtəlif beynəlxalq KİV-lərin yaydığı məlumatlara görə, onun hərəkət azadlığı məhduddur, ictimai tədbirlərdə görünməsi qadağan edilib və siyasi bəyanatlar verməsinə icazə verilmir. Kreml onu faktiki olaraq tam nəzarət altında saxlayır.

esed5.jpg (106 KB)

Məlumatlara görə, Rusiya hakimiyyəti Bəşər Əsədə verdiyi siyasi sığınacağı bir şərtlə təmin edib ki, o, Suriya və beynəlxalq siyasətlə bağlı heç bir fəaliyyət göstərməməli, mediaya açıqlama verməməli və tərəfdarlarını yönləndirməməlidir. Bir növ sabiq prezident siyasətdən tam uzaqlaşdırılıb. Bu səbəbdən onun uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması iddia olunur.

Əsədin gündəlik həyatı barədə rəsmi məlumat olmasa da, beynəlxalq mediada yayılan xəbərlərdə onun əsasən qapalı həyat sürdüyü bildirilir. Bəzi məlumatlarda keçmiş oftalmoloq olan Əsədin yenidən tibb sahəsinə maraq göstərdiyi, rus dili və oftalmologiya ilə bağlı məşğələlərə qatıldığı qeyd olunur. Digər xəbərlərdə isə onun vaxtının böyük hissəsini ev şəraitində keçirdiyi, onlayn oyunlarla məşğul olduğu iddia edilir. Bu məlumatların hamısı müstəqil şəkildə tam təsdiqlənməsə də, müxtəlif mənbələrdə oxşar iddialar yer alır.

ddb9ea72-1215-3118-8e10-944b90cc2f66_1200.jpg (103 KB)

Suriyada hakimiyyətə gələn Əhməd əş-Şəraa administrasiyası dəfələrlə Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib. Dəməşq hesab edir ki, keçmiş prezident ölkədə törədilmiş çoxsaylı hərbi cinayətlər və insan hüquqları pozuntularına görə məhkəmə qarşısına çıxmalıdır. Lakin Moskva bu tələbi qəbul etməyib və Əsədə verilmiş sığınacağın qüvvədə qaldığını bəyan edib.

Suriyanın artıq Əsədsiz yeni mərhələyə tam keçdiyini də əminliklə söyləmək olar. Belə ki, son aylarda dünya mediasının diqqəti daha çox Suriyanın yeni rəhbərliyi üzərində cəmlənib.

218361-1_large.jpg (156 KB)

Prezident Əhməd əş-Şəraa beynəlxalq arenada fəal diplomatik fəaliyyət göstərir, BMT rəhbərliyi ilə görüşür, Qərb və region ölkələrilə münasibətləri normallaşdırmağa çalışır. Eyni zamanda İsraillə təhlükəsizlik razılaşması istiqamətində danışıqlar aparıldığı da açıqlanıb. Bu isə Bəşər Əsəd dövrünün artıq tamamilə geridə qaldığını göstərən əsas siyasi siqnallardan biri hesab olunur.

Beləliklə, bir vaxtlar Suriyanı dəmir yumruqla idarə edən Bəşər Əsəd bu gün Moskvada sakit və nəzarət altında həyat sürən keçmiş dövlət başçısına çevrilib. Onun yenidən siyasətə qayıtması ilə bağlı hər hansı real əlamət görünmür. Əksinə, beynəlxalq proseslər göstərir ki, yeni Suriya rəhbərliyi ölkəni Əsəd dövründən tamamilə uzaqlaşdırmağa çalışır, Rusiya isə keçmiş müttəfiqini qorusa da, onu siyasi səhnədən kənarda saxlamağa üstünlük verir.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR