Avropa İttifaqı ABŞ və Venesuela arasında yaranmış gərginliklə bağlı tərəfləri təmkinli olmağa çağırıb.
Musavat.com xəbər verir ki, Aİ-yə üzv 26 ölkə Venesueladakı vəziyyətlə bağlı birgə bəyanatla çıxış edib.
Bəyanatda vurğulanır ki, Venesuela xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna hörmət edilməlidir və istənilən halda beynəlxalq hüququn prinsipləri, eləcə də BMT Nizamnaməsi əsas götürülməlidir. Avropa İttifaqı həmçinin ABŞ və Venesuelani eskalasiyadan yayınmağa və böhranın sülh yolu ilə həllinə şərait yaratmağa çağırıb.
Sənəddə ayrıca qeyd olunur ki, Aİ-yə üzv dövlətlərin konsulluq qurumları Venesuelada, o cümlədən qanunsuz saxlanılan Avropa İttifaqı vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün sıx koordinasiya şəraitində fəaliyyət göstərir.
Eyni zamanda Avropa İttifaqı transmilli mütəşəkkil cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni qlobal təhlükəsizlik üçün prioritet istiqamət kimi təsdiqləyib.
Bununla belə, sənəddən məlum olur ki, Aİ-nin 27-ci üzvü olan Macarıstan Venesuela ilə bağlı Avropa diplomatiyasının rəhbəri tərəfindən səsləndirilən bu bəyanatı dəstəkləməkdən imtina edib.
Musavat.com






